“Kiçik futbol klublarını ayaqda tuta bilmirik, "Qarabağ"ı dünyaya çıxara bilirik. Təklif edirəm ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin".

Rekord.com xəbər verir ki, bunu ötən həftə Milli Məclisin son iclasında millət vəkili Fazil Mustafa deyib.

Təklifin futbolun inkişafına stimul verəcəyini söyləyən deputat qardaş Türkiyədə bunun nümunələrinin olduğunu, məsələn, Şenol Günəş, Fateh Terim adına stadionların mövcudluğunu xatırladıb.

Onun bu təklifi heç də birmənalı qarşılanmayıb. Başda Ağdam ziyalıları olmaqla, bir çox futbol azarkeşi bu təklifə etiraz edib. Belə ki, etiraz edənlərin əksəriyyəti yeni stadiona Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adının verilməsini istəyir. Fazil Mustafa etirazlar və iradlarla bağlı Yenisabah.az-a danışıb. Deputat bildirib ki, hər kəsin fərqli mövqeyi var və hamı bu təklifə birmənalı yanaşmaya bilər: “Açığı, bu məsələ təbii ki, birmənalı qarşılanmaya bilər. Cəmiyyətdə hər kəsin fərqli mövqeyi var. Amma burada anlaşılmayan bir məsələ mövcuddur. Milli Qəhrəman Allahverdi Bağırovun adı tutaq ki, Naxçıvanın stadionuna verilsin. Allahverdi Bağırovu bu adamlar niyə ancaq ağdamlı kimi görürlər? Bu nə yanaşmadır? Allahverdi Bağırov bütövlükdə Azərbaycanın Milli Qəhrəmanı və fəxridir. Eləcə də "Fred" Asif və ya Şirin Mirzəyev təkcə Ağdamın qəhrəmanı deyil. Niyə məhz onların adına hansısa yer məhz Ağdamda verilməlidir? Burada söhbət xidmətdən gedir. Mən hesab edirəm ki, Qurban Qurbanovun Azərbaycan futboluna xidməti Tofiq Bəhramovdan daha yüksəkdir. O, Azərbaycan futbolunun bugünkü vəziyyətində bir klubla maksimum nə etmək mümkündürsə, onu da edib. O, bu gün Avrokuboklarda Ağdam adını, “Qarabağ” adını gündəmdə saxlayıb. Bundan böyük qəhrəmanlıq, fədakarlıq varmı? 

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa: “Təklif eləsinlər, Allahverdi Bağırovun da adını Naxçıvan stadionuna verək”

Təklif eləsinlər, Allahverdi Bağırovun da adını Naxçıvan stadionuna verək. Mən indi Qurban Qurbanovun adını Naxçıvan və ya Zaqatala stadionu üçün deyim? Qurban Qurbanov Ağdam adını xüsusilə işğal dövründə Avropa arenasında aktuallaşdırdığına görə bundan böyük fədakarlıq eləmək necə mümkündür? Hər bir fikrin bir əsaslandırması olmalıdır. Təbii ki, bununla bağlı başqa adlar da çəkilə bilər. Ancaq məntiqi izahı olmalıdır ki, niyə Ağdamda tikilən stadion nəzərdə tutulur. 

Digər tərəfdən, şəhid adlarını, qəhrəmanları regionlaşdırmaq yanlış bir şeydir. Əksinə, elə Qurban Qurbanovun adının verilməsi yaxşıdır. Ağdam işğal altında olanda, bu, təkcə ağdamlının deyil, hamımızın dərdi idi. Ona görə də dar bölgəçilik anlayışı ilə məsələyə yanaşanları anlaya bilmirəm. 

Əlbəttə, Allahverdi Bağırov bizim böyük qəhrəmanlarımızdan biridir və onun adını hansısa başqa bir rayonda olan stadiona və ya küçəyə vermək olar. Yəni biz Azərbaycanı bu bölgələşmədən, belə anlayışlardan çıxarmalıyıq. Bundan öncə təklif etmişdim ki, Ağdam Azərbaycanın paytaxtına çevrilsin. Mən Ağdamda doğulmamışam, amma Azərbaycana bütöv baxış bucağından yanaşıram. Bu baxımdan məsələyə dar çərçivədən baxılmasını doğru hesab etmirəm". 

Fazil Mustafa bildirib ki, “Qarabağ” klubunun uğurlarında Qurban Qurbanovun müstəsna rolu var: “...Tutaq ki, Albert Aqarunova Şuşada heykəl qoyuldu, amma o, şuşalı deyil. Amma Şuşa uğrunda döyüşlərdəki şücaətinə görə onun haqqının qaytarılması mütləqdir. Bu baxımdan, məncə, belə məsələlərə daha geniş baxmağı öyrənməliyik”.

Aqil Abbas - 70

Aqil Abbas: “Ağdam camaatı yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir”

Deputat Aqil Abbas da bununla bağlı fikirlərini bölüşüb. O deyib ki, Ağdam camaatının əksəriyyəti yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir: ""Keçmiş "İmarət" stadionu bərpa oldunduqdan sonra konsert və şənliklər üçün istifadə olunacaq və öz adını qoruyacaq. Bu, planda da var. İşğaldan öncə futbol stadionu kimi fəaliyyət göstərsə də, artıq kütləvi tədbirlər üçün nəzərdə tutulub. Ağdamda 15 minlik yeni stadion və futbol akademiyası tikiləcək. Amma məsələ burasındadır ki, Ağdam camaatı yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir. Çünki o, “Qarabağ” klubunu yaradanlardan biridir. Komandaya kapitanlıq və baş məşqçilik edən məhz Allahverdi Bağırov olub". 

Deputat Ağdamda Qurban Qurbanova heykəl qoyacaqlarını da diqqətə çatdırıb: “Mənim Qurban Qurbanova böyük hörmətim var. Bir müddət öncə mətbuatda yazmışdım ki, Qurban Qurbanovun sağlığında Ağdamda onun heykəlini qoyacağıq. Allah qoysa, stadion tikilsin, ondan sonra daha konkret danışarıq”. 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Əslən Ağdamdan olan, AVP sədri Akif Nağı da facebook profilində bu məsələyə münasibət sərgiləyib: “Bəzi gündəmə gəlmək həvəskarları təklif edirlər ki, Ağdam stadionuna Qurban Qurbanovun adı verilsin. Qurban hocamız Ağdam, Qarabağ, Azərbaycan futbolu üçün ölçüyəgəlməz işlər görüb. Bunu hər kəs bilir. Amma Ağdam stadionu şəhid atası, Qarabağ Qazisi, Ağdamda ilk futbol komandasının təşkilatçısı Əkbər Rüstəmovun xeyir-duası ilə Milli Qəhrəman Allahverdi Bağırovun adına olmalıdır”.

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı Fazil Mustafaya tam dəstək verdi: “Onun ideyası tam reallığı əks etdirir. Biz artıq sovet təfəkküründən qurtulmalıyıq. Sovet təfəkkürünə görə, xidmətləri olan şəxs yalnız öldükdən sonra adı əbədiləşdirilirdi. Amma müasir dünyada yanaşma fərqlidir.  İnsanlara xidmətlərinə görə sağlığında qiymət verirlər. Qurban Qurbanovun Azərbaycan futbolunun inkişafındakı xidməti ölçüyəgəlməzdir. Onun adına stadion niyə olmasın ki? Bu, futbolun inkişafı üçün əlavə stimul olar. İctimaiyyət bu ideyanı ikiəlli qəbul edər. Hökmən deyil ki, Qurban Qurbanovun adı Ağdamda tikiləcək stadiona verilsin. Başqa alternativlər də mümkündür. Məsələn, elə doğulduğu Zaqatalada da stadiona onun adını vermək olar. Və ya Bakıdakı stadionlardan biri Qurban Qurbanovun şərəfinə adlandırıla bilər. Və ya Qurban Qurbanov adına Futbol Akademiyası da yaratmaq olar. Qurban Qurbanov işi, xidməti ilə bu şöhrəti haqq edib. Azərbaycan futbolunu bütün Avropada şöhrətləndirən şəxsin adına stadion, akademiya mütləq olmalıdır”.

Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək" - Ən son idman  xəbərləri

Kənan Məstəliyev

İdman mütəxəssisi Kənan Məstəliyev dedi ki, bu baş tutarsa, hər kəsə stimul olacaq: “Qurban Qurbanovun adının yeni tikiləcək stadiona verilməsi ideyasını müsbət qəbul edirəm. O buna layiqdir, layiq olduğunu çoxdan sübut edib, hər keçən gün də etməkdə davam edir. Qurbanov tək Ağdam yox, ümumilikdə Azərbaycan futbolunun canlı əfsanəsidir. Düşünürəm ki, sağlığında bu cür dəyər verilməsi çox böyük diqqət və hörmət əlaməti olardı. Bir rayonun, bir şəhərin, bir elin öz klubunun əfsanəsinə sahib çıxması möhtəşəm addımdır”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli isə klubların ad seçimində müstəqil olduqlarını qeyd etdi: “Qurban Qurbanov Azərbaycan futbol tarixində böyük iz buraxmış məşqçimizdir və indi də uğurla fəaliyyətini davam etdirir. "Qarabağ"ın bütün uğurları məhz bu məşqçinin adı ilə bağlıdır. Onun Azərbaycan futbolundakı yerini, çəkisini izah etməyə ehtiyac yoxdur. Stadionun adına gəlincə isə klublar müstəqil idman qurumlarıdır və onlar ad seçimində sərbəstdirlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”