"Ağdamın girişində əyilib torpağı öpəcəm"
- 04 Noy 2020 12:00
- 704
"Rayonlarımız işğaldan azad olunduqca düşünürəm ki, görəsən, Ağdamın xəbərinə dözə biləcəyikmi?
Dostlarla Ağdam, Cəbrayıl tərəfə yardım aparırıq, amma içəri buraxmırlar.
Qardaşım oğlum və başqa qohumlarım hazırda cəbhədə döyüşür. Arada olarla danışırıq. Deyirlər hər şey yaxşıdı, narahat olmayın".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a 20 illik karyerasının hamısını "Qarabağ" həsr edən veteran futbolçu Səttar Əliyev deyib.
Əliyevin bütün karyerasını "Qarabağ"a həsr etməsi heç də səbəbsiz deyilmiş. Onu dinləyək: "Sevincli günlərimizə çox az qalıb. Mənim arzum olub ki, "Qarabağ" komandası ilə gəlmişəm, elə "Qarabağ"la da Ağdama qayıdım.
Hər zaman deyirdim ki, ilimə 100 min versələr də "Qarabağ"dan ayrılmaram. Vaxtı ilə ev, maşın təklif ediblər, amma komandanı atıb getməmişəm. Çünki "Qarabağ"lı kimi Ağdama - İmarətə qayıtmaq arzum olub. Allah o günü mənə qismət etsin".
"Qarabağ"ın veteran futbolçusu torpaqlarımızın işğaldan azad olunması xəbərinə sevincini belə dilə gətirdi: "Elə bil dünyaya yenidən gəlmişik. Yenidən dil açıb danışacağıq, ayaq açıb yeriyəcəyik. Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı işğaldan azad olunub. Böyük həsrətlə Şuşanın, Laçının, Kəlbəcərin və digər rayonların azad olunmasını gözləyirik. Hər yer azad olunmadıqca içimizdəki yara qalır. Hər yer azad olunanda daxilimizdəki yaralar da təmizlənəcək. Bununla itirdiyimiz bu illəri də dövlət bizə qaytarmış olacaq. Ali Baş Komandana təşəkkür edirəm. Əsgərlərimizin qarşısında baş əyirəm. Hər namazda səcdəyə gedib Allahdan onlara kömək istəyirəm".
Ağdamı görməyən, amma Ağdamla bağlı arzu quran övladlar: "Atam-anam Ağcabədidən bu tərəfə gəlmədilər ki, burda Ağdamın iyin alaq. Elə Ağcabədidə də dünyaların dəyişdilər. Övladlarım Ağdamı görməyiblər, amma o gün mənə deyirlər ki, "ata, Ağdamdan torpaq gətirib babamın, nənəmin üstünə tökək ki, onların ruhları şad olsun".
Veteren futbolçu Ağdama qayıdışını da xəyali olaraq belə təsvir etdi: "Ağdamın girişində əyilib torpağı öpəcəm. Allah qismət etsin gedib şəhidlərimizi ziyarət edəcəm. Milli qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət edəcəm. Onların qarşısında deyəcəm ki, mən də belə döyüşdüm - "Qarabağ"ı heç vaxt tək buraxmadım. Ağdamdan çıxandan sonra nə qədər təkliflər gəlsə də "Qarabağ"ı tərk etmədim. Ruhları qarşısında baş əyib deyəcəm ki, gücüm buna çatdı. Ondan sonra məhləmizə, evimizə gedəcəm. Elə valideynlərimin qəbri üstünə də həyətimizin torpağından gətirib tökəcəm".
Səttar Əliyevin "Qarabağ"la da bağlı istəyi də var: "Qarabağ" sevərlər çoxdur. Qarabağ uğurunda döyüşən çox sayda "Qarabağ" sevər var və olub. Ola bilər ki, o uşaqların da ürəyində "İmarət"də "Qarabağ"la oynamaq istəyi olsun. Çox istərdim ki, "Qarabağ"ın hazırkı heyəti, keçmiş futbolçulardan ibarət heyət və həmin döyüşçülərdən ibarət 3 hissəli oyun keçirilsin. Heç olmasa 10-15 dəqiqə meydanda olaq bəs edər".
Əliyev, ilk gündən ordumuza könüllü yazılıb və hər an döyüşə hazır olduğunu deyir: "Hər gün deyirəm ki, əsgərlərimizin, zabitlərimizin, Ali Baş Komandanın və bu işdə kimin köməyi oldusa, Allah da onların köməyi olsun. İlk gündən səfərbərliyə yazılmışam. Əgər lazım olacamsa, hər an hazıram. Ordakıların heç birindən artıq deyilik. Amma hazırda gücümüz çatan yalnız odur ki, namazda əlimi Allaha açıb onlara dua edirəm".