Ağıllı oynayan rəqib, şansları boşa verən "Qarabağ"
- 06 Avq 2024 22:25
- 231
Mən dünən yazanda ki, Zaqreb "Dinamo"su çətin rəqib olacaq, şərhdə bir nəfər mənimlə razılaşmadı. "Qarabağ" daha güclüdü, rahat keçəcək" yazdılar. Biz hələ "Ludoqorets"i keçməmişik, amma zaqrebliləri zəif hesab edirik. Reallıq hissimiz itib. "Braqa-Bayer" şouları ötən mövsüm olub, indi isə başqa mövsümdü.
"Qarabağ"ın axırıncı dəfə bolqarlarla olduğu qədər çətinlik çəkdiyi matç yadıma gəlmir. Desəm ki, rəqib oynamırdı, yox, lazım olanda oynayırdı, lazım olanda da qol vurdular. Desəm ki, oynatmırdı, o zaman ağdamlılar bu qədər epizoda necə girdilər? Nə ondandı, nə bundan, ya da həm ondandı, həm bundan. Çox çətin rəqibdi və bu dəfə iş futbolçulara yox, baş məşqçiyə düşəcək. Bu çətin məsələni çözməlidi Qurban Qurbanov.
"Ludoqorets" oyuna düzgün başlamışdı. "Qarabağ" kimi komandalarının oyununu pozmağın ən doğru yolu aqressiv, kobudluğa yaxın dərəcədə oynamaq, maksimum kontaktla özünü hiss etdirməkdi. Bəli, belə anlarda hakimin buna imkan verməsi, epizodlara göz yumması lazımdı ki, məhz belə də oldu. Referi məncə, ilk hissədə azı 1 qırmızı və bir neçə sarı verə bilərdi rəqibə, əksini etdi. İndi hakim müzakirə etməyin vaxtı deyil, olan olub artıq. Görünür, qonaqlar bu hakimin belə oyuna imkan verdiyini də analiz etmişdilər.
"Qarabağ"ın ehtiyat oyunçular skamyasının kasad olduğuna bir daha şahidlik etdik. Bəli, Veşoviçin fasiləyə qədər faydalı iş əmsalı minimuma enmişdi, ancaq onun yerinə çıxan Mateus da bir işə yaramadı. Hücumçuların arxasında da əvəzetmədən girib oyunu dəyişəcək biri yox idi, ona görə Hoca Keytanı cinaha, Leandronu mərkəzə çəkdi. "Transferlər edilməlidi" tələbimiz məhz bu məqamlar üçündü. Vaxtında gətirilməliydi oyunçular.
Problemlərə baxmayaraq "Qarabağ" çox sayda qol epizodları da əldə etdi və qaçırdı. Real şansları bu qədər rahat sağa-sola xərcləyəndə, "vurmayana vurarlar" prinsipi mütləq ki işə düşməli idi. Rəqibin cərimə meydançasının içində düşən imkanları reallaşdırmaq üçün sadə həllər lazım idi, biz isə uzatmağa, daha bir neçə toxunuş edərək zərbə vurmağa çalışırdıq. Bu vaxtda isə rəqib mövqeyini tutur, boşluqları qapayırdı.
Haqlı məğlubiyyət idi. "Ludoqorets" keçilməz" deyil. Cavab matçında daha riskli oynamalı, daha sürətli qərarlar verməliyik. Məhz sürət və çeviklik həlledici olacaq. Qıvraq davranan, hər epizoda ciddi yanaşan qalib gələcək. İnanıram ki, sevinən tərəf biz olacağıq.
Kənan Məstəliyev