Ağır atletlər çoxlu ağır zədələr alırlarmı? ANALİTİKA
- 15 Mar 2023 14:01
- 2304
Belə bir stereotip var: ağır atletlər çoxlu ağır zədələr alırlar. Həqiqətən belədirmi?
“Rekord.az”-ın araşdırması buna belə CAVAB vermək imkanı verir: həqiqətdən tamamilə uzaq iddiadı, rəqəmlər və reallıq başqa şey deyir.
Bir çox idman növlərində həmin növlərə məxsus stereotiplər formalaşıb ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Bəziləri vizual müşahidələrə, bəziləri sadəcə şayiələrə, bəziləri isə kiçik bir qrupun şəxsi təcrübəsinə əsaslanır və əksər hallarda çox geniş yayılır. Bu tip stereotiplərin ən çox yayıldığı idman növlərindən biri də ağır atletikadır (ağırlıqqaldırma). “İdmançıların boyu qısa qalır”, “ən çox dopinq məhz bu idman növündədir”, “ağır atletika qadınların sağlamlığına ziyandır” və başqaları bu sıradandır. O birilərinə vaxt olduqca toxunacağıq, ancaq bu dəfə “ən çox zədəni ağır atletlər alırlar” mövzusuna toxunacağıq. Yazıda qeyd olunanlar idmançılar, məşqçilər və digər mütəxəssislərlə soğru və müzakirələr, rəsmi statistikaya əsaslanır.
Lap əvvəldən başlayaq. Bilmək lazımdır ki, bu idman növünə yeni gələn uşaqlara ilk olaraq təhlükəsizlik qaydaları öyrədilir. Heç bir məşqçi heç bir uşağı zala girən kimi ağır ştanqın altına keçirməz. Xeyli müddət - bu proses hətta 1 il də çəkə bilər - idmançıya simvolik çəkilər göstərilir. Bədəni buna hazır olmayan uşağa 3-5 kq-dan artıq ağırlıq verilmir. Texnika öyrədilir, mükəmməlləşdirilir, hərəkətlər beyində avtomatikləşdirilir, fiziki hazırlığı lazımi səviyyəyə gətirilir və yalnız bundan sonra ağırlığın artırılması başlayır. O da əsasən 10-12 yaşdan sonra.
Texnika məsələsi çox vacibdi. Ağır atletika sadəcə daşqaldırma kimi görünsə də, burda idmançının məhz texnikası xüsusi rol oynayır. Sən bu ştanqı “kəntoy” qaldırsan, bunu uzaqbaşı bir müddət edə biləcəksən. Vaxt keçdikcə idmanın qanunları işləməyə başlayacaq, inkişaf mütləq şəkildə dayanacaq. Uşaqlıqdan texnikası səhv verilən idmançının böyüklər arasında uğur qazanması sadəcə mümkün deyil, nonsensdi.
Yazının əvvəlində də qeyd etdik ki, texnika həm də təhlükəsizlikdi. Ştanqı doğru şəkildə qaldıran idmançı özünü zədələyə bilməz. “Düz qaldır, hərəkət bitən kimi dəmiri yerə at. Başqa heç nə lazım deyil”. Bunlar olsa, zədə olmayacaq. Bir bənzətmə edək. Qaldırıcı kranlar öz ağırlıqlarından dəfələrlə böyük yükləri hündürə qaldıra bilir. Bunun əsas səbəbi mühəndis işidi. Mexanizm elə doğru, elə incəliklərə qədər dəqiq hesablanaraq qurulub ki, kran aşmır, qırılmır, yükü rahatlıqla lazımi hündürlükdə, lazımi ünvana çatdırıla bilir. Ağır atletlər də bir növ ətdən və sümükdən olan qaldırıcı kranlardılar. Mühəndis rolunu isə məşqçilər oynayır. Onlar bu işi ilk gündən doğru aparsalar, bütün komponentləri doğru və vaxtında yerinə qoysalar, idmançılar da öz işlərinin öhdəsindən yaxşı gələcək, medallar və qələbələr qazanaraq bayrağımızı lazımi hündürlüyə qaldıra biləcəklər. Hər şey bu qədər sadədi.
Ağır atletika üzrə Azərbaycan yığma komandasının məşqçisi Asxab Kalayev bildirir ki, “bəli, məşqçilərin rolu böyükdü, ancaq idmançı da diqqətli və ağıllı olmalıdı. Məsələn, çox ağır çəkini qaldırma fikrində. Götürək, 200 kq-ı. Təbii ki, 200 kq-lıq bir ağırlıq üstünə düşsə, insanın istənilən orqanını dağıda, onu şikəst edə, hətta öldürə də bilər. Çəki ilə işləyərkən ehtiyat ən ümdə məsələdi və atletlər bunu yaxşı bilirlər. Düşünürsüzsə ki, həmin 200 kq-ın altına bu çəki ilə indiyə qədər işləməmiş adamlar girir, yanılırsız. Bir ağır atlet məşqdə sınamadığı çəkiyə yarışda yaxın durmaz. Məsələn, öz çəkisi 55 kq olan olan idmançı heç vaxt 200 kq-lıq ştanqı birdən və ya təkanla qaldırmağa cəhd edib özünü zədələməz. Onun fiziki hazırlığı 110-160 kq aralığında çəkilərdə performans nümayiş etdirməyə yetir, yarışlarda da mübarizə məhz bu ətraflarda gedir. Mütləq qeyd edim ki, atletlər həmin 150 və ya 160 kq-ı az qala qram-qram əldə edirlər. İdmançı məşqdə 135 kq-la işləyirsə, cəmi 1 kq artıraraq rəqəmi 136-ya qaldırmaq üçün bəzən bir ay, bəzən isə daha çox vaxt sərf edə bilir. Çünki bədən bu çəkiyə öyrəşməli, onu bir dəfə yox, mütəmadi qaldırmağa hazır olmalıdı. Bu 1 kq üçün yüzlərlə təmrin həyata keçirilməli, qida, yuxu, istirahət, bərpa, vitaminizasiya rejimi daima balansda tutulmalı, eyni zamanda məşqdə möhkəm işlənilməli, rəsmən əziyyət çəkilməlidi. Yəni bu işlər elə də asan həll olunmur”.
“Bu izahı geniş verməyimizin səbəbi odu ki, biləsiz: bir atlet 200 kq-lıq ştanqı qaldırmaq üçün körpücüyə çıxırsa, onun həmin 200 kq-ı qaldırmağa gücü yetərli olur, məşqdə buna hazırlaşıb. Belə olan halda zədə ehtimalı minimuma enir. Yox, hazırlaşmayıbsa, hər şeyə hazır olmalıdı”, - Kalayev əlavə edib.
“Əlbəttə ağır atletikada da zədələr olur, ağırları da, yüngülləri də, özü də mütəmadi şəkildə. Çünki atletlər hər məşqdə orta hesabla 5-6, ağırçəkililər isə hətta 10 tondan çox toplam çəki qaldırırlar. Böyük rəqəmlərdi. Nə qədər güclü olursan-ol, bu qədər yüklənmə öz təsirini göstərəcək. Məhz bu səbəbdən yuxarıda da qeyd etdiyimiz kimi, doğru bərpa prosesi həyati əhəmiyyət daşıyır”. – mütəxəssis fikrini tamamlayıb.
Ağır atletikanın bir xüsusiyyəti də rəqiblə fiziki təmasın olmamasıdı. Sənin rəqibin də, dostun da, düşmənin də ştanqdı, ona hörmət etməli, ciddi yanaşmalı, əvvəl baş üzərinə qaldırmalı, sonra yerə atmalı, “yola salmalısan". Bir ağır atlet ştanqı qaldırarkən digəri gəlib onun ayağından, ya sinəsindən vurub yerə yıxmayacaq ki, o qaldıra bilməsin. Hərə öz yanaşmasını yerinə yetirib gedəcək səhnə arxasına. Amma məsələn, futbolda meydançanın mərkəzində irəlilədiyin yerdə düz dizinin ortasından zərbə alıb ömürlük şikəst qalma ehtimalın var. Ya da hava mübarizəsində dirsəklə gözündən, yaxud təpiklə sinəndən zərbə almaq, həm göydə, həm də yerə düşərək xəstəxanalıq olma “şans”ın az deyil. Bura bədəninin dözümünü düz hesablamadan, həddindən artıq intensiv məşqlərlə ürəyi ağırlığa salma və elə meydançadaca dünyasını dəyişmə ehtimallarını da əlavə edə bilərik. Müasir futbol amansızdı və son vaxtlar, ildə azı 2-3 dəfə “filan futbolçu (məşqdə, yaxud) oyun zamanı yerə yıxılaraq öldü” xəbərlərinə rast gəlirik. Artıq ölüm adiləşib, öyrəşmişik. Amma indiyə qədər bir dəfə də olsun “ağır atlet yarışda (və ya məşqdə) öldü” xəbərinə rast gəlməmişik, ümid edirik ki, gəlməyəcəyik də.
Gəlirik son və xüsusi abzasa. Məşq, yarış, mübarizə, qələbələr və s.-nin təməlində peşəkarlıq durmalıdı. İdmançı, yaxud onun məşqçisi, yaxud aidiyyatı olan digər şəxslər peşəkar deyillərsə, nəticə mütləq şəkildə pis olacaq. Yazının əvvəlində də qeyd etmişdik: futbolçu hər gün matça çıxmadığı kimi, ağır atlet də hər gün yarışa çıxmır. Turnirlər arasında mütləq şəkildə normal vaxt aralığı olmalı, idmançı istirahət etməli, bərpa prosesini keçə bilməlidi. İdmançının (yaxud şəxsi komandasının) bunları gözardı edərək, maddi maraq naminə riskə getməsi hər şeyi tərsinə çevirə bilər. “Mən 185 kq-ı qaldıraram” deyən idmançıya məşqçisi “hə, qaldırarsan", amma həkim “tövsiyə etmirəm, qolunda dartılma var, riskə getmə” deyə, onu bu yoldan çəkindirə bilər. Belə hallarda verilən qərarlar həlledici olur. Hamı, bütün komanda peşəkar olmalıdı. Yarışda iştirak və qələbədən əldə ediləcək maddi gəlir istəyi planları dəyişməməli, "gizli metodlar"a əl atılmamalı, insanı təhlükəyə sürükləməməlidi. Belə hallar az olmayıb, var, olacaq da. İnsanın təbiəti budu. Pul və şöhrət sevgisi ağır nəticələrə gətirib çıxarır. Ortada isə zədələr, tez bitən karyeralar, ömür boyu çəkilən əzab qalır. Hər şeyin bir həddi olmalıdı. Tək ağır atletikada yox, bütün idman növlərində, əslində elə həyatda da.
Bitirək.
Google-da istənilən dildə “ən çox zədə olan idman növləri”ni axtarışa versək, təxminən eyni cavablar çıxacaq. Sizə həmin cavabları təkrarlayan və rəsmi rəqəmlərlə təsdiqləyən ən ciddi sayılacaq mənbələrdən birini təqdim edirik. ABŞ-da sağlamlıq və təhlükəsizliyi təşviq edən, 55 mindən çox müəssisə, əmək təşkilatları, məktəblər, dövlət qurumları, özəl qrup və fərdlərin daxil olduğu nüfuzlu qeyri-kommersiya, ictimai xidmət təşkilatı - Milli Təhlükəsizlik Şurasının (NSC) 2021-ci il üçün idman zədələrinin statistikasına baxın. Bu rəqəmlərin ortaya çıxarılması üçün 400 mindən çox zədə (təcili tibbi yardıma müraciətlər əsasında) analiz edilib. Onların içərisində ən çox zədə verən idman növlərinin siyahısı aşağıdakıdı (link: https://www.iii.org/fact.../facts-statistics-sports-injuries):
Velosiped
Basketbol
Amerikan futbolu
Üzgüçülük
Futbol
Batut idmanı
Beyzbol, softbol
Konkisürmə
Qolf
Qış idmanı, snoubord
Lakross
Atçılıq
Voleybol
Hokkey
Döyüş növləri
Sörfinq
Yüngül atletika
Boks və s.
Siyahıda ilk 20-likdə ağır atletika yoxdur.
Kənan Məstəliyev, “Rekord.az”