Ağızdan çıxan söz
- 24 Dek 2024 13:00
- 114
AFFA İcraiyyə Komitəsinin iyunda keçirilən iclasında “Qəbələ”yə akademiyanın və infrastrukturun saxlanılması məqsədi ilə bir il müddətinə 700 min manat pul ayrılması qərara alındı. Əksər hallarda tənqid olunan federeasiya bu addımına görə alqışlandı. Çünki Premyer Liqada sonuncu pilləni turduğu üçün I Diviziona düşən bölgə təmsilçisi dövlətin ayırdığı 3 milyon manatlıq illik yardımdan da məhrum olurdu. Belə vəziyyətdə illərin zəhməti hesabına qurulan böyük akademiyanı, əksəriyyəti təbii olan meydançaları saxlamaq çox çətin olacaqdı. Bu mənada frederasiyanın ayıracağı 700 min manat "Qəbələ"nin əlindən tutacaqdı. Di gəl ki...
Bu gün-sabah 2025-ci ilə qədəm qoyuruq, amma həmin vəd edilən 700 min manatdan xəbər-ətər yoxdur. Başa düşürük, AFFA-nın belə bir öhdəliyi, borcu yoxdu. Heç yazıq "Qəbələ" klubu da bu pulu almadığı üçün hay-küy qaldırıb federasiyadan şikayət etmir. Sadəcə, təşəbbüs AFFA tərəfindən gəldi və ictimaiyyət də bu jesti alqışladı. Amma vəd elə vəd olaraq qalınca, söhbətin məğzi də dəyişir. Bizim məhşur "Kişi sözü" filmində Qasımın belə bir sözü var, "Ağzındakı söz sənindi, çıxdısa oldu özgənin". İndi ay AFFA rəhbərliyi, bu söz, vəd sizin ağzınızdan çıxıb. Bunu edə bilməyəcəkdinizsə, niyə boş vəd verirdiniz? Düzdür, federasiyadan məsələ ilə bağlı rəsmi açıqlama olub və bildirilib ki, həmin pul mövsüm gedişi boyu komandaya ödəniləcək. Amma konkret nə vaxt, onu deyən yoxdur. Belə kömək olmur axı. Qərar iyunda qəbul olunubsa, ən gec halda, vəsait sentyabra kimi klubun hesabına köçürülməli idi ki, onların da yükü yüngülləşsin. Bu günə qədər vəsait köçməyibsə, deməli o gündən bu günə qədər olan 6 aylıq müddətdə akademiya və meydançalarla bağlı xərcləri də klub özü çəkib. Daha bunun harası kömək oldu? Belə çıxır ki, klub bunun üçün maliyyə tapmasaydı, akademiya komandaları da çıxılmaz vəziyyətdə qalacaqdı, meydançalar da baxımsız, yararsız hala düşəcəkdi. Hər şeyi, köməyi də, dəstəyi də lazım olan anda, ehtiyac olduğu vaxtda etmək lazımdı. Yoxsa söz ağızdan çıxır və üstündən 6 ay keçməsinə baxmayaraq hələ də yerinə yetirilmirsə, bu, artıq "çiy söhbət" anlamına gəlir.
Anar XANLAROV