
Ağstafa futbolu AFFA-dan və imkanlı şəxslərdən kömək gözləyir
- 01 Apr 2025 13:00
- 369
İlk müstəqil futbol çempionatımızda iştirak edən komandalar arasında "Avey" də var idi. Ağstafanı təmsil edən bu komanda adını da bu rayonun ərazisindəki dağdan götürmüşdü. Lakin təəssüf ki, sözügedən komandanın ölkə çempionatındakı çıxışları uzun sürmədi. Maliyyə sıxıntısı ucbatından "Avey" fəaliyyətini dayandırdı. Sonralar daha bir dəfə Həvəskarlar Liqasında təmsil olunan Ağstafa demək olar ki, futbolsuz qaldı. Yalnız bir neçə il bundan öncə, Şahin Kərimovun təşəbbüsü ilə "Ağstafa gəncləri" komandası yaradıldı. Ötən ildən isə komanda "Region Liqası"nda çıxış edir.
Rekord.az olaraq, Qərb bölgəsinə səfərimiz zamanı Ağstafada da olduq.
Həm stadionu gəzdik, həm "Region Liqası" çərçivəsində "Ağstafa Gəncləri" - "Balakən" (1:0) matçını izlədik, həm də Şahin Kərimovla görüşüb söhbıtləşdik. Şahin müəllim öncə Ağstafa futbolunun mövcud durumunda bəhs edib: "Bu gün Ağstafa futbolunun durumu heç də ürəkaçan deyil. Futbolçular öz güclərinə futbol oynayır, məvacibsiz futbol oynayır. Sağ olsunlar, hamısı ağstafalıdır, torpaq sevgisinə görə təmənnasız oynayırlar. Heç bir yerdən dəstəyimiz yoxdur. Dəstəyimiz yalnız Ağstafa camaatıdır. Onların ianəsi ilə ezamiyyə xərclərini qarşılayırıq. Bundan başqa, butsular alınır, yemək xərcləri qarşılanır".
Həmsöhbətimiz bu mövsüm "Region Liqası"ndakı hədəflərindən də söz açıb: "Artıq 4 ildir "Region Liqası"nda çıxış edirik. "Ağstafa" ilə başladıq, "Ağstafa gəncləri" ilə davam edirik. Ən yaxşı nəticəmiz keçən il oldu, 1/8 finala kimi gəldik, orda "Hypers"ə uduzduq. Bu da normal idi, çünki onların büdcəsi də, heyəti də çox güclü idi. Təsadüfi deyil ki, növbəti mövsümdə II Liqaya vəsiqə qazandılar. Bu mövsümə gəlincə, birinci hədəfimiz gənc futbolçuları yetişdirməkdi. Ağstafada futbolun varlığı bizim üçün çox vacibdir. Heyətimiz də tamamilə yerli futbolçulardan təşkil olunub. 33 futbolçu sifariş etmişik, hamısı da ağstafalı. Bu futbolçulardan da 20-nin yaşı 18 yaşa qədərdi. Onların futbol oynaması üçün də rayonda klubun olması mütləqdi. Hazırda maksimum nəticə ilə qrup lideriyik. Deyərdim ki, 1/8 finalı böyük ölçüdə qarantiləmişik. Növbəti iki turda 1 xal da bizi qane edir".
Məlumdur ki, yeni mövsümdən II Liqadan I Liqaya dörd komandanın yüksələcəyi gözlənilir. Bu isə "Region Liqası"ndan da bir o qədər komandanın II Liqaya yolunun açılması deməkdir. Bunun üçün 4 ən güclü komandadan biri olmaq lazımdır. "Ağstafa Gəncləri"nin belə bir hədəfi varmı? Sualımızı Şahin bəyə ünvanladıq: "Bəli, düşünürəm ki, buna potensialımız da var, gücümüz də. Hətta deyərdim ki, II Liqaya çıxsaq, ilk "altılıq"da yer ala bilərik. Futbolçularımızın bunun üçün gücü də var, potensalı da. Bunun üçün AFFA-ya müraciət edəcəyik ki, bizi futbolsuz qoymasınlar. Bu gün Ağstafanın 30 yetirməsi ölkənin müxtəlif komandalarında forma geyinir. Məsələn "Turan Tovuz"da Məzahur Məmmədzadə, "Səbail"də Yusif və Fərid Nəbiyev qardaşları, "Şamaxı"da Emin Zamanov var idi, "Karvan"da Emil Qasımov tanınan ağstafalılardandır. Yəni bizim futbolçu bazamız var. İnfrastrukturumuz da var. 3 min tutumu olan plastik otiracaqlı tribunalar, soyunub-geyinmə, hakim otaqları, isti su və s. Sadəcə, ot örtüyü bərbaddı. Onu düzəldə bilsək, II Liqanın klublarından geri qalmırıq. Baxmayaraq həvəskar statuslu liqada oynayırıq, amma həftədə 3 dəfə məşq keçirik. Düzdür, nisbətən yaşlı, digər işdə çalışan futbolçularımız iki dəfə məşqə gəlir. Amma cavanlarımız 3 məşqin hamısında iştirak edir. Əsas komandadan başqa aşağı yaş qruplarımızdan ibarət komandalarımız da var. Bunların da hamısının yükü mənim çiynimdədir. Gələcəkdə maliyyə olsa, məşqçilərə maaş verə bilsək, o qruplarla həmin məşqçilər çalışacaq və mənim yüküm də azalacaq. Hazırda Bakıda yaşayan imkanlı ağstafalılarla da danışıqlar aparmaq istəyirik, ümid edirəm ki, onların da bizə köməyi dəyəcək. Çünki sponsorsuz mümkün deyil. Məsələn, bu gün yerli icra hakimiyyəti də müəyyən məsələlərdə kömək etməyə çalışır. Lakin onların da bəlli bir imkanı var, ondan kənara çıxa bilmirlər".
Sonda Şahin müəllim "Sabah" klubunun dəstəyini də qeyd etməyi unutmadı: "Bu gün xüsusi seçilən futbolçularımızı "Sabah" klubuna veririk, onlarla əməkdaşlığımız var. Sağ olsunlar, onlar da buna qarşılıq bizi top və inventarla təmin edirlər. Buna görə sizin vasitənizlə "Sabah" klubuan da öz minnətdarlığımı bildirirəm".
Anar XANLAROV