Ağstafa şəhər S.Şükürov adına 3 saylı tam orta məktəbin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinin yeniyetmə idmançıların məşq prosesi izlənilib, onların nümunəvi çıxışları keçirilib.

Rekord.az xəbər verir ki, yeniyetmə idmançılarla görüş zamanı Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Turan Hüseynov , UGİM-nin direktoru Elşad Cəfərov iştirakçılar qarşısında çıxış edərək qeyd ediblər ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır.

İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirib. Görüşdə qeyd olunub ki, “İdman hamı üçün” layihəsi çərçivəsində ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışların nümayiş etdirilməsi yeniyetmə və gənclərin fiziki aktivliyinin artırılması ilə yanaşı onların asudə vaxtlarının səmərəli təşkilinə də əhəmiyyətli təsir göstərir. Tədbirdə bir qrup yeniyetmə güləşçilər məşq prosesləri zamanı nizam- intizamı və nümunəvi davamiyyətləri ilə fərqləndiklərinə görə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.