Ağstafada “Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib
- 31 Mar 2023 15:43
- 354
Ağstafa rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə “Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Qeyd edək ki, “Sərhədçi” hərbi-idman oyunları Ağstafa rayonu Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışın rayon mərhələsində Böyük Kəsin kənd Azər Yusifli adına tam orta məktəbin komandası I yerə layiq görülərək zona mərhələsində iştirak etmək hüququ qazanıb.