Aleksey İsayev mükafat haqda sualdan yayındı MÜSAHİBƏ
- 11 Noy 2019 12:00
- 831
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev Premyer Liqanın XI turu çərçivəsində "Sabah"a səfərdə 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra jurnalistlərə müsahibə verib. Rekord.az xəbər verir ki, o öncə oyunla bağlı fikirlərini bölüşüb:
- Dünən həm mənim, həm də nənəmin doğum günü idi. Təəssüf ki, nənəm artıq dünyasını dəyişib. Qələbəni nənəmə həsr edirəm. O, hər zaman mənə inanırdı, deyirdi ki, sən ən yaxşısını bacaracaqsan. Nənəmi çox sevirəm. Həyatdı, yaşamağa davam edirik. Yavaş-yavaş formamı bərpa edirəm. Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Hələ ki, əsl mən deyiləm. Bir müddət sonra əsl Alekseyi görəcəksiniz.
- Qələbəyə xarakter göstərməyiniz daha çox səbəb oldu?
- İlk hissədə də yaxşı oynadıq, sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Qol vura bilməyəndən sonra qapımızda top gördük. Ancaq buna üzülmədik və işimizə davam etdik. Baş məşqçimiz Ayxan Abbasov fasilədə dedi ki, oynamağa davam edin, həvəsdən düşməyin. İkinci hissəyə daha istəkli çıxdıq və istədiyimizi etdik. Hücumdakı oyunçularımıza afərin, yaxşı oynadılar.
- Ötən mövsümki heyətlə indikini necə müqayisə edərdin?
- İndi bir söz deyə bilmərəm. Çünki hələ ki, cəmi ikinci qarşılaşmadı oynayıram, futbolçulara öyrəşirəm. Məncə, bizdə hər şey yaxşı alınacaq. Allah qoysa, rəhbərliyin qarşımıza qoyduğu məqsədə çatacağıq.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Məqsədimiz ötənilki kimidi - avrokuboklara vəsiqə qazanmaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Oyundan-oyuna inkişaf edirik. Məşqçilərin dediklərini yerinə yetiririk. Çalışırıq ki, futbol oynaq, azarkeşlərimizi sevindiək.. Bəyənirlər yoxsa yox, bunu artıq azarkeşlərimizdən soruşmaq lazımdır(gülür).
- Oyundan sonra paltardəyişmə otağında səs-küy oldu. Deyəsən, klub prezidenti yaxşı mükafat vəd etdi?
- Bu barədə bir söz deyə bilmərəm. İşim futbol oynamaq, azarkeşləri sevindirməkdir. Mükafat haqda isə bir söz deyə bilmərəm.
- Ancaq futbolçu üçün mükafat stimuldu...
- Əlbəttə. Amma stimulum hər il irəliyə getmək və daha yaxşı olmaqdır. Uşaqlıqdan qarşıma qoyduum məqsədlərə çatmağa çalışıram. Bu, stimulumdu. Düzdür, mükafat da önəmlidir. Amma ailəmin yaxşı keçinməsi üçün vacibdi. Mənim öz stimulum isə hər il inkişaf etməkdi.
- Yenidən milliyə düşmək necə, sənin üçün stimuldur?
- Bu barədə bir söz deməyəcəm, söz verməyəcəm. Çünki son beş ayda çox şey baş verib. İndi isə əsas işim formamı bərpa edib, futbol oynamaqdır. Necə olacağını sonra görəcəyik.