Aleksey İsayev “Sumqayıt”a görə toyunu təxirə salmaq istəməyib? AÇIQLAMA
- 23 Dek 2019 17:00
- 1773
“Sumqayıt”ın futbolçusu Aleksey İsayev “Qarabag”a qarşı keçirilən kubokun cavab 1/4 final matçında meydançaya çıxmadı. Səbəb isə onun toyu səbəbindən Rusiyaya getməsi olub. Deyilənə görə, futbolçuya toyunun tarixini bir neçə gün irəli çəkmək və ilin son matçında komandasına kömək etmək təklif olunub. Lakin rusiyalı futbolçu bundan imtina edib.
"Rekord.az" məsələ ilə bağlı “Sumqayıt” klubunun mövqeyini öyrənib.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında məsələyə belə münasibət bildirib: “Bildiyiniz kimi, Aleksey komandamıza oktyabrda qoşuldu. Forma yığması üçün də bir qədər zamana ehtiyacı oldu. Məşqçimiz Ayxan Abbasov da mətbuat konfransında bu haqda ətraflı danışdı ki, Alekseyə şəxsən özü icazə verib və məsuliyyəti də o daşıyır. Yəni biz kubokda mübarizəni dayandırsaydıq belə, yenə də bu məsələni bəhanə gətirməyəcəkdik. Ayxan müəllim də dedi ki, “Sumqayıt” bir futbolçudan asılı komanda deyil. O ki qaldı vaxtın irəli çəkilməsinə, Aleksey toyun vaxtını çox daha əvvəldən təyin etdiyi üçün onu dəyişə bilmədi”.