Aleksis Sançes ili erkən başa vurdu
- 13 Okt 2019 18:42
- 773
Futbol üzrə Çili yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, sözügedən kollektiv Kolumbiya millisi ilə üz-üzə gəlib.
0:0 hesabıyla başa çatan matç Çili yığmasının hücumçusu Aleksis Sançes üçün əlamətdar olub. İtaliyanın “İnter” klubunun şərəfini qoruyan forvard ölkəsinin millisində ən çox oyun keçirən futbolçuya çevrilib. 30 yaşlı futbolçu bu oyunda 132-ci dəfə millinin formasını geyinib.
Amma onun mütləq rekordçuya çevrildiyi bu matç Aleksisin özü üçün o qədər də uğurlu alınmayıb. Belə ki, Sançes və digər komanda yoldaşı Qari Medel qarşılaşmanı zədə səbəbindən erkən başa vurmaq məcburiyyətində qalıb. Medel matçın əvvəlindəcə zədələndiyi üçün 21-ci dəqiqədə əvəzlənib. Sançes isə ikinci hissədə zədə alıb və meydanı tərk edib.
Xarici mətbuatın yaydığı məlumata görə, Aleksisin zədəsi ciddidi. Onun bu il bir daha meydana çıxmayacağı ehtimal olunur. “İnter”in forvardının ən yaxşı halda 2020-ci ilin yanvar ayında sıraya dönəcəyi bildirilir.
Qeyd edək ki, sözügedən oyunda Kolumbiya yığmasının hücumçusu Duvan Sapata da ağır zədə alıb. O da matçın 23-cü dəqiqəsində əvəzlənib.