Alı Alıyev birvaxtlar ölkə futbolunda üzdə olan adamlardan idi. İndi “Keşlə” adlanan keçmiş “İnter”in sabiq icraçı direktoru kimi komandasının uğurları üçün çalışır, vaxtaşırı hadisələrə münasibət bildirirdi. Əslində budəfəki söhbətin təşəbbüsü ondan gəldi. “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun həbsinə münasibət bildirmək istəyirdi, amma söz sözü çəkdi və söhbət uzandı. Rekord.az həmin müsahibəni sizə təqdim edir:  

 

 

- Əvvəlcə ölkə futbolunun indiki vəziyyəti haqqında danışaq. Çalışdığınız dövrlə indiki çempionat arasındakı uçurum necə yarandı?
- O vaxtı futbol var idi, çempionat var idi, indi baxıram ki, bunlar yoxdu. Azərbaycan futbolu niyə bu günə düşüb? Fuad Musayev AFFA-nı yaratdı, çempionatı başlatdı, normal çempionat keçirilirdi. Amma Fuad müəllimin futbol sahəsində gördüyü işlər bəyənilmədi. Onun tutduğu mövqe ictimaiyyəti qane eləmədi. İşləri düzgün yönəltmədiyi, hakimlər onun tərəfini saxladıqları, çempionatda öz komandası iştirak etdiyi üçün ilk etiraz səsini “Xəzər Universiteti” ucaltdı. Həmin vaxt mən “Xəzər Universiteti”ndə işləyirdim. Bunu bütün futbol ictimaiyyəti yaxşı bilir. O zaman futbol dayandı, Fuad Musayevin sonu çatdı, onun yerinə rəhmətlik Ramiz Mirzəyev gəldi. Atalar sözü var: “köhnə yurdun qədrini təzə yurdda bilirlər”. Futbolumuzun indisinə baxanda görürsən ki, Ramiz Mirzəyev vaxtında futbolun inkişafına çox kömək edib. Yaxşı dəstək verib, demokratik şəkildə iş görürmüş. Ramiz Mirzəyevin də bəzi səhvlərinə, düzgün olmayan addımlarına qarşı ilk etirazı biz etdik. “Xəzər Universiteti” 2004-cü ildə Beynəlxalq Bankın nəzdinə keçdi, “İnter” Peşəkar Futbol Klubu adlandırıldı. Həmin vaxt indikindən çox yüksək səviyyədə çempionat keçirilirdi. Həmin vaxt Hakimlər Komitəsi müstəqil işləyirdi, heç kimə tabe deyildi. Normal püşkatmalar keçirilirdi. Bir dəfə kubok yarışında Fuad Əsədovla mənim aramda böyük gərginlik yaşandı. Mən o vaxt həm Bakı Dövlət Universitetində, həm də klubda çalışırdım. Öz diplomum, ixtisasım üzrə işləyirdim. Fuad Əsədov mənə qayıdıb dedi ki, get, öz işinlə məşğul ol. Bu söz məni bir az qıcıqlandırdı. Dedim ki, ay Fuad müəllim, mən öz işimə məşğulam, diplomumun çörəyini yeyirəm. Yaxşı olardı ki, siz də gedib öz diplomunuzun çörəyini yeyəsiz. O, asfaltsalma üzrə elmlər namizədi idi. Baxın, futbol Bakıda idi, Qusarda, Tovuzda, Qazaxda, Qaxda idi. 16 komanda var idi, hətta 18 olmalıydı, sonra nəyə görəsə azaltdılar. Normal mübarizə, rəqabət vardı, kubokda 32 komanda iştirak edirdi. Amma bu gün sanki tayfa futbolu gedir.

- Klublarımızın vəziyyətini necə qiymətləndirirsiz?
- “Neftçi”yə vaxtilə bir müddət Sadıq Sadıqov rəhbərlik etdi, indi də iş başında başqalarıdı. Futbola azarkeşlik edən adamlardı, amma futbolun daxilində olanlar lazımdı. Zaur Axundov futzala rəhbərlik edib, çox da yaxşı başçılıq edib. Futzal yığmamıza əcnəbi futbolçular da götürmüşdülər. Bu da bizdə dəbdə olan bir şeydi. Birdən-birə Zaur müəllim böyük futbola gəldi, “İnter”in adını dəyişdi. Naxçıvanlıdı, buna hansısa etirazım yoxdu. Ancaq Naxçıvanda “Araz” var idi, həmin vaxt mübarizə aparırdı. Klublar Naxçıvana gedirdi. Bölgə klubu bir “Qəbələ” var, bir də “Qarabağ”. “Qarabağ” həmişə çempionatdakı gözəl komandalardan olub. Bu gün ölkə futbolunda təkcə “Qarabağ” klubu var ki, o da Tahir Gözəllə Qurban Qurbanovun birliyinin nəticəsidi. Onların futbola sevgisinin göstəricisi kimi “Qarabağ” Avropada nəticələr göstərir. Bu o demək deyil ki, Azərbaycanda futbol var.

- Deyəsən, əcnəbilərin əlindən yanıqlısız.
- O vaxt Ramiz müəllim Torresi yığmaya gətirəndə Fuad Əsədov qalxıb öz yerini ona verdi. Aləmi qatdım bir-birinə, Fuad Əsədova dedim ki, sən bizim ağsaqqalımızsan, bu bir. İkincisi, o Torresi sən gətirmisən, federasiyanın baş katibi kimi sən dəvət edib, çörək verirsən ona. Əcnəbi işçilər gəldilər federasiyaya, bunda da məqsəd bəlli idi. Digər tərəfdən, öz gözəl mütəxəssislərimiz kənarda qaldı. Əcnəbi mütəxəssislərə heç bir etirazım yoxdu. Onlar yaxşı insanlardı, gözəl futbolçular olub, gözəl də məşqçidilər, funksionerdilər, amma öz vətənlərində. Bizim futbolumuzdə işləyəsi adamlar onlar deyil. Öz veteran futbolçularımızın böyük zəhməti olub. Nazim Süleymanov kimi, İsgəndər Cavadov kimi. Federasiyanın vitse-prezidenti seçilən Vaqif Sadıqovun nəyi İsgəndər Cavadovdan artıqdı? Hanı Asim Xudiyev? Hanı Xaqani Məmmədov? Əfqan Həmzəyev hanı? Vüsal Əliyev hanı? Biz hakimlər cəhətdən nə vaxt zəif olmuşuq? Tofiq Bəhramov dünya çempionatının finalını idarə edib, həmin məktəbdi, davam edir. Niyə özümüzkülərə dəyər vermirik? Bir başqa gileyim isə Mübariz Mənsimovla bağlıdı. “Xəzər Lənkəran” kimi möhtəşəm komanda yaratmışdı. Biz onlarla həmişə meydanda rəqib olmuşuq. Klubun vitse-prezidenti Mais Mənsimovla Tuyqun Nadirov olub. Onların rəhbərliyi altında “Xəzər Lənkəran”da nə qədər futbolçu, məşqçi, işçi çalışıb. Bütün bunlara baxmayaraq, bu gün heç biri mətbuatda səsini çıxarmır. Həmin insanlar niyə Mübarizi müdafiə etmirlər? Niyə bir qrup yaradıb Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə müraciət yazmırlar? İdmana bu qədər kömək edən insanı niyə müdafiə etmirsiz? Tuyqun, Ağasəlim Mircavadov, Boris Xetaqurov, yaxşı iş görmürsüz. Çörəyin qədrini bilmək lazımdı axı. Mübariz deyib ki, mən heç vaxt ermənilərlə, onların verdiyi sifarişlə işləməmişəm. “Xəzər Lənkəran”ı da federasiya məhv elədi. Niyə? Səbəb nədi? Yevlaxda “Karvan” var idi. Futbolu Bakıya yığmaq lazımdı? Nazim Süleymanov kimi adam işsizdi. O deyir ki, Həmkarlar İttifaqı yaratmaq istəyirəm. Həmkarlar İttifaqı o deməkdi ki, bütün futbol aləmində kimin haqqı pozulacaqsa, həmin ittifaq onu müdafiə edəcək. Bunun nəyi pisdi? Amma federasiya imkan vermir. Federasiya nə üçün kiməsə qadağa qoyur? 2005-ci ildə iclas keçirib, istədilər ki, İsgəndər Cavadovu İcraiyyə Komitəsindən çıxarsınlar. Rauf Əliyev vitse-prezident idi, ona Ramiz müəllim çıxış etmək üçün icazə vermədi. Partiya təşkilatının iclası idi? Bunu Ramiz Mirzəyevə dedim. Dedim icazə verin kimin ürəyi istəyirsə, çıxış etsin. Əksər futbolçular ölkə daxilində çıxış edib, amma İsgəndər Cavadov “Dinamo”da oynayıb. Üzümü tuturam İqor Ponomaryova: “Xəzər Lənkəran”da işləmisən, niyə susursan? Mübarizin müdafiəsi təşkil olunmalıdı (Futbol+).