"Allaha yalvarıram ki, heç olmasa, birinci hissədə qapımıza 7-8 top vurmasınlar"
- 02 Dek 2020 17:00
- 1037
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı ölkənin aparıcı klublarının şərəfini qoruyan, yığmada 34 oyuna 4 qol vuran, “Futbol+”in seçimində 2002-ci ildə ölkənin “ən yaxşı futbolçusu” seçilən, hazırda U-19 yığmasının baş məşqçisi olan Samir Əliyevdi.
“Kuryoz qol buraxsa da, bizim “Caqa” əsl qəhrəmandı”
Yığmanın 2003-cü ildə səfərdə hələ bir yerdə olan Serbiya və Çernoqriya ilə 2:2 etdiyini çoxları xatırlayır. Oyundan sonra Ukraynaya, şərəfini qoruduğum “Volın”ın düşərgəsinə qayıdanda komanda yoldaşlarım, demək olar, hamılıqla məni təbrik etdilər. Onların sözlərinə görə, o vaxt üçün çox güclü heyətə malik Serbiya və Çernoqoriya yığması ilə səfərdə bərabərə qalmaq qələbəyə bərabər idi. Mən də onların tərifindən “şişirəm”, özümü dünyanın ən güclü yığmasının üzvü kimi hiss edirəm. Hamıya maraqlı idi ki, biz necə oldu Avropanın güclü yığması ilə “sülh bağladıq”? Bir özümdən, bir az komandadakı uşaqların oyunundan danışıb, qarşılaşmanın qəhrəmanının qapıçımız Cahangir Həsənzadə olduğunu bildirdim. Doğrudan da həmin görüşdə Cahangir seyvləri ilə hamının rəğbətini qazanmışdı. Məhz onun qurtarışları sayəsində Podqoritsadan xalla geri dönmüşdük. Ertəsi komanda nahar yeməyi üçün yeməkxanada bir araya gəlmişdi. Orda da televizor var idi. Həmin vaxt “Eurosport” telekanalında Avropa çempionatının seçmə mərhələsinin başa çatan turunda qeydə alınan kuryoz qolları göstərirdilər. Bir də gördüm həmin qollar arasında Saviçeviçin bizim qapımıza vurduğu qol da nümayiş olunur. Uzun ötürmədən sonra “Caqa” geriyə qayıdır, dirəyə dəyir və topla birlikdə qapıya girir. Həmin epizodu göstərən anda bir də hiss etdim ki, komanda yoldaşlarımın hamısı mənə baxır. Sanki hamısının üzündən bir sual yağırdı: “bəs deyirdin oyunun qəhrəmanı qapıçımız olub?” Çörək boğazımda qaldı... Bir gün əvvəl təriflədiyim, oyunun qəhrəmanı kimi təqdim etdiyim qolkiperin buraxdığı qol həftənin kuryoz qolları arasında yer almışdı. Özümü itirdiyimdən bilmədim nə deyim, anidən “mənə elə baxmayın. Kuryoz qol buraxsa da, bizim “Caqa” əsl qəhrəmandı” deyib, başımı aşağı salıb, yeməyə davam etdim. Komanda yoldaşlarımın o an pıqqıldayaraq gülməsi hələ də qulağımdadı.
“Cəhənnəm, 11-ci də Samir Əliyev olsun”
Ukraynada legioner həyatı yaşadığım, “Volın”ın şərəfini qoruduğum dönəm idi. Səfərdə “Şaxtyor”la qarşılaşmalıydıq. Adətən, oyundan öncə kimin əsas heyətdə yer alacağını bilirdik. Donetsk təmsilçisi ilə matçdan öncə baş məşqçimiz Vitali Kvartsyanı hamını bir otağa yığıb, “Şaxtyor”a qarşı necə oynamlı olduğumuzu lövhədə başa salır. Müdafiəçilərə, yarımmüdafiəçilərə konkret tapşırıqlar verir, standart vəziyyətlərdə kimin harda olacağını tapşırır. Birdən komandanın kapitanı əlini qaldıraraq baş məşqçiyə söz demək istədiyini bildirdi. Kvartsyanı da heç vaxt xoşlamazdı ki, onun sözünü yarımçıq qoysunlar. Əsəbi halda “nə istəyirsən, nə sözün var” deyib, kapitana söz verdi. O da ayağa qalxaraq “siz lövhədə bizi 10 nəfər göstərmisiz, 11-ci kim olacaq” söylədi. Baş məşqçi acıqlı şəkildə zala nəzərə yetirən vaxt birdən gözü mənə sataşdı. Gördüm mənə baxır, başımı aşağı salıb göz-gözə gəlməkdən yayındım. Elə həmin an “cəhənnəm, 11-ci də Samir Əliyev olsun” dedi. Sabahı gün start heyətində meydana çıxdım və iki qol vurmaqla komandamın 3:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri oldum.
“Nə qədər qol buraxsan da, məsuliyyət mənim boynumdadı, sənlik heç nə yoxdu”
Ötən il U-19 rəhbərliyim altında Çexiyada seçmə mərhələdə iştirak edirdi. Təqvim elə tərtib olunmuşdu ki, iki gündən bir meydana çıxmaq məcburiyyətində idik. İlk görüşdə rəqibimiz Norveç idi. Komanda həmin oyunda nə gücü var idisə, meydanda qoymuşdu. Onu da bildirim ki, skandinaviyalılara 0:1 hesabı ilə yenilsək də, onlardan daha üstün oyun sərgiləmişdik. İkinci qarşılaşmada meydan sahibləri ilə üz-üzə gəlməliydik. Onlar da ilk oyunda San Marino ilə qarşılaşmışdılar. Bizdən fərqli çexlər “az qan” ilə istədikləri nəticəni əldə etmişdilər. Deməli, meydan sahibləri ilə oyunun ilk dəiqələri gedir. Çexiya o qədər sürətli oyun nümayiş etdirir ki, özlüyümdə heç olmasa, biabırçı hesabla məğlub olmamaq üçün dua edirəm. Təsəvvür edin ki, artıq 12-ci dəqiqədə meydan sahibləri 2:0 hesabı ilə öndədilər. Cinahlardan qapı önünə asmaların və ötürmələrin sayı-hesabı yoxdu. Mərkəzdən o qədər zərbə endiriblər ki, qapıçımızın az qala əlcəyi deşilsin. Çexlərin belə aqressiv futbolu məni də təəccübləndirmişdi. Sanki həyatlarında son oyuna çıxmışdılar. Nə başınızı ağrıdım, vəziyyət faciəvidi. Yenə deyirəm, ürəyimdə Allaha yalvarıram ki, heç olmasa, birinci hissədə qapımıza 7-8 top vurmasınlar. Elə həmin an gördüm ki, qolkiperimiz yerdə qalıb. Həkimlər ona yaxınlaşanda əvəz olunmasını istədi. Fikirləşdim ki, rəqibin güclü olduğunu görüb özünü zədəli kimi göstərmək, yalandan əvəz olunmaq istəyir. Həkimlərə “ona deyin, davam etsin” söyləyib qolkiperi meydanda saxladım. 4-5 dəqiqə sonra gördüm ki, yazıq doğrudan da zədələnib oyunu davam etdirə bilməyəcək. Biz də qaydalara uyğun sifariş ərizəsinə cəmi iki qapıçının adını yazmışıq. Əsas “çərçivə qoruyucusu”nun meydanda qala bilməyəcəyini görüb üzümü ehtiyat qapıçıya tutaraq “hazırlaş” dedim. Birdən elə bil kimsə mənə dedi ki, ona bax. Yenidən çevrilib ikinci qolkiperə nəzər salanda gördüm ki, yazığın üzü ağappaqdı. Yazıq uşağın həyəcandan əli-ayağı əsir. Əslində onu başa düşürdüm. Ancaq bu qədər həyəcan keçirməsindən mən də qorxdum.Yanıma çağıraraq “heç nədən qorxma, çıx və qapıda dayan. Nə olacaqsa, olacaq” söylədim və ardınca “nə qədər qol buraxsan da, məsuliyyət mənim boynumdadı, sənlik heç nə yoxdu” dedim. Həmin uşaq meydana çıxdı və bəxtindən də qapıya gedən onlarla zərbə onun orasına-burasına dəyərək qapıya daxil olmadı. Sonda həmin matçı 0:4 hesabı ilə uduzduq ki, yekunda biabırçı hesabla yenilmədiymizə görə mən də sevindim. Rəqibin hücumlarının heç olmasa, ondabiri məhsuldar sonluqla bitsəydi, hesab ən azı 10:0 onların xeyrinə olacaqdı.
“Pul da yoxdu, mən burdan Bakıya necə qayıdacam?”
“Neftçi”nin baş məşqçisi olduğum vaxt idi. Komanda ilə Türkiyədən - təlim-məşq toplanışından qayıdırdıq. İstanbul hava limanında bir qədər vaxtımız var idi. Orda olanlar bilir ki, necə böyükdü. Bizi Bakıya aparacaq təyyarənin havaya qalxmasına xeyli vaxt qaldığını görüb, dükanları gəzməyi qərara aldım. Biz azərbaycanlıların xasiyyətini bilmirsiz? Başqa ölkədən gəlirsənsə, mütləq konfet-şokolad almalısan ki, evə gələn qohum-qardaşa pay verəsən, evdəkilərə də nəsə hədiyyə olsun. Bu minvalla başladım bir-bir dükanları gəzib hədiyyə seçməyə. Başım alış-verişə necə qarışdısa, bir də onda ayıldım ki, artıq təyyarəmizin uçuş vaxtıdı. İndi əlimdə içində konfet-şokolad, ailə üzvlərim üçün nəzərdə tutduğum hədiyyələr olan torbalarla hava limanında qaçıram ki, təyyarəyə çatım. O qədər həyəcanlıyam ki, qarşıma keçəni nəzərə almıram, hamını sağa-sola itələyib təyyarəyə çatmaq istəyirəm. İnanın mənə, futbolçu olduğum dönəmdə, ən əhəmiyyətli oyunlar ərəfəsində belə heç bu qədər təlaş keçirməmişdim. Qaça-qaça düşünürəm ki, deyəcəklər intizama xüsusi önəm verən baş məşqçi özü intizamsızlığa yol verib, təyyarəyə gecikib. Qeydiyyat yerinə çatanda artıq təyyarəyə miniyin başa çatdığını bildirdilər. Nə qədər yalvarsam da, xahiş etsəm də, xeyri olmadı. “Mən komandanın baş məşqçisiyəm, mənsiz təyyarə havaya qalxa bilməz” deyib, öz aləmimdə onlara guya hədə-qorxu da gəldim. Ancaq nə faydası, qanun qanundu. Kor-peşman skamyada oturdum. Ən pisi də o idi ki, Bakıya qayıtdığımı fikirləşib cibimdəki bütün pulu alış-verişə xərcləmişdim. Öz-özümə “pul da yoxdu, mən burdan Bakıya necə qayıdacam” düşünürəm. Elə həmin an hava limanında anons verildi. İşlədiyim dönəmdə “Neftçi”nin direktoru olan Mübariz Xudiyev, sən demə, təyyarədə mənim olmadığımı bilib. Səs-küy qaldırıb ki, baş məşqçimiz olmadan uçmayacağıq. Bu üzdən təyyarənin havaya qalxmasını ləngidiblər. Adım çəkiləndə uşaq kimi sevindim. Ayrıca maşın məni təyyarəyə apardı və komanda ilə birgə Bakıya döndüm. O saatlarda keçirdiyim həyəcanı ondan sonra heç vaxt keçirməmişəm.
“Ona “mən hazır deyiləm” demək hər futbolçunun başı üçün deyildi”
“Volın”da son günlərim idi. Mövsümün sonuna yaxın bəzi klublardan çox sərfəli təklif almışdım ki, bu haqda baş məşqçi də məlumatlı idi. Məşqlərdə Kvartsyanının mənə münasibətindən hiss edirdim ki, son turlarda güvənmir, əsas heyətdə görmür. Özüm də məşqlərə bir qədər laqeyd yanaşırdım. Baş məşqçinin münasibəıtindən hiss edirdim ki, məşqlərə nə qədər ciddi yanaşsam da, məni heyətə qoymayacaq. Bu üzdən rejim gözləmirdim. Çempionatın sonuna iki tur qalmış “Dnepr”lə qarşılaşmalıyıdıq. Vəziyyət bəlli olduğundan nə baş məşqçi məndən nəsə tələb edirdi, nə də özüm məşqlərə köklənirdim. “Volın”dakı günlərimi sayırdım. “Dnepr”lə oyun günü Kamal Quliyevlə birgə stadiona gəldik. Oynamayacağımı bildiyimdən özümlə nə buts, nə də “şitki” götürmüşdüm. Oyunöncəsi “ustanovka” vaxtı gözləmədiyim halda baş məşqçi “hücumda Samir Əliyev oynayacaq” söylədi. İnanın, həmin an şoka düşdüm. Kvartsyanının da xasiyyəti çox ağır idi. Ona “mən hazır deyiləm” demək hər futbolçunun başı üçün deyildi. Mən də səsimi çıxarmadım. “Ustanovka” başa çatar-çatmaz özümü çölə atıb baş məşqçinin sürücüsünə yaxınlaşdım. Qaldığımız evin açarını ona verərək “tez bizə get, butsumu gətir”, - deyə xahiş etdim. O bizim harda qaldığımızı bilirdi. Oyunun başlamasına dəqiqələr qalmış sürücü butsu gətirib çıxardı və həmin matçda meydana çıxaraq dublla yadda qaldım.