Allahverdiyev erməni üzərində qələbə ilə Avropa çempionu oldu
- 02 İyl 2023 22:35
- 364
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Rekord.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Ceyhun həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən pəhləvanımız Avropa çempionu olub.
Timur Gülmaqomedov (86 kq) polşalı Filip Blaşçikə 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana sonuncu xal prinsipinə (3:3) əsasən məğlub uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak imkanı qazanıb. Gülmaqomedov macarıstanlı Peter Jivnovskiyə çətinlik çəkmədən qalib gəlib - 12:1. Ancaq Timur ukraynalı İvan Çornohuzla görüşdə 3 dəfə cərimə xalı aldığı üçün 5-ci yerlə kifayətlənməli olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Yusif Dursunov (125 kq) finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda isə ukraynalı Vladimir Koçanovdan güclü olub – 4:0. Yusif finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə 1:8 hesabıyla uduzan Dursunov gümüş medala sahib çıxıb.