Azərbaycanın futbol təsərrüfatına cavabdeh olan AFFA-dan narazı qalanların sırasında nə birinci, nə də sonuncuyam.

İllərdir bu barədə tanınmış idman mütəxəssisləri, ictimaiyyət nümayəndələri yazır, etirazını bildirir, amma vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Sadəcə, AFFA prezidentləri estafeti və problemləri bir-birlərinə ötürürlər. İndi bizə uzaq görünən 2000-ci ilin əvvəlində baş verənləri yaxşı xatırlayıram.

Əfsanəvi futbolçu Ələkbər Məmmədovun rəhbərliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hökm sürən inzibati-amirlik metodlarına, bütün təzyiqlərə rəğmən¸ idarəçilikdə bu rejimi davam etdirənlərə qarşı toplantı keçirmişdik.  Təəssüf ki, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev futbol hökmranlığından əl çəkmək istəmirdi. Azərbaycanı futbol aləmində tanıdan Ələkbər Məmmədov və Rüstəm Rəhimovun ətrafında toplaşaraq təkcə AFFA-nı tənqid etmirdik, çıxış yolları göstərirdik. Ayrı-ayrı bölgələrə səfərə çıxaraq yoldaşlıq görüşləri keçirir, söhbətlər aparırdıq. Bakı İdman Baş İdarəsi ilə uşaqlar arasında ənənəvi “Birlik” kuboku yarışını təşkil edirdik. Bütün çətinliklərə baxmayaraq uzaq Almaniya, qonşu Rusiya və  Gürcüstana təşkil etdiyimiz səfərlər isə o dövr üçün peşəkar futbol ustalarına və veteranlara  bir təsəlli idi.

Zaman keçdi, AFFA-da müəyyən dəyişikliklər baş tutdu. Məhz tutdu! Bu ifadəni təsadüfən seçmirəm. Milli federasiyamızın yeni-köhnə rəhbərləri təxminən 15 ildir ki,  tutduqlarından əl çəkmirlər. Onlar futbolumuzun konseptual inkişafı naminə  AFFA-nın ofisini tanınmış mütəxəssislərimizə açmaq əvəzinə SOCAR-ın maliyyəsindən möhkəm yapışdılar. SOCAR-dan axan pullar isə təbii ki, futbolun inkişafına təsir etmədi. Çünki futbolda yekun nəticə  meydançada həll olunur. Müdrik atalar boşuna deməyiblər ki, pul çox şeydir, amma hər şey deyil…

Son 15 ilə nəzər saldıqda görürük ki,  AFFA-nın idarəçiliyində  inzibati və özəl yanaşma  hökm sürür. İntizabi yanaşma üzündən peşəkar mütəxəssislər İcraçı vitse-prezident Elxan Məmmədovun qəbuluna düşmək də belə aciz görünürlər. AFFA-da idarəçiliyi ələ alan Elxan Məmmədov hər şeyin ondan asılı olduğunu, daim əməlləri ilə qabartmaqdadır. İdarəçilikdə özəl yanaşma isə futbola aidiyyatı olmayan dostlara qayğı ilə bağlıdır. (səfərlər, biletlər və s.).

AFFA rəhbərliyi  futbol ictimaiyyətinin fikrini yayındırmaq məqsədi ilə arada gözdən pərdə asmaq üçün UEFA tədbirlərini Bakıya salır, yaxşı piar qurur. Amma əsl peşəkarlar yaxşı bilir ki, AFFA rəhbərliyinin “bacarığı” SOCAR-ın bu illər ərzində UEFA-nın sponsoru olmağından o yana keçmir.

Çox məsələlərə müqayisədə aydınlıq gətirmək olur. Azərbaycan futbolunun bugünkü mənzərəsini təsəvvür etmək üçün yığma komandanın reytinqinə  və  çempionatının  acınacaqlı səviyyəsinə nəzər salmaq məncə kifayətdir.

Birlikdə kiçik bir müqayisə aparaq:

Farer adaları çempionatında  10 komanda yarışır  və  FİFA  reytinq  cədvəlində  Azərbaycanla yanaşıdır. Farer adaları yığma komandasının qısa zaman kəsiyində Millətlər Liqasının D qrupunun lideri olmasını kiçik bir uğur kimi saymaq olar.   Savaşda Azərbaycandan ağır məğlubiyyət alan Ermənistanın futbolda işləri yağ kimi gedir. Arzuolunmaz qonşularımız Dünya Çempionatının seçmə mərhələsində  uğurla çıxış edərək qrup ikincisi olmağı bacarıblar. Erməni əsilli futbolçular Avropanın aparıcı klublarında çıxış edirlər. Ermənistan yığmasının Millətlər Liqasının C qrupuna liderlik etməsi sizcə təsadüfdürmü?

Daha bir əhəmiyyətli nümunəni sizin nəzərinizə çatdırmaq istərdim. Müqayisə üçün qeyd edim ki, son 15 ildə Almaniya Futbol İttifaqında (DFB) rəhbərlik üç dəfə dəyişib. Ancaq bu 15 ildə Almaniya futbol yığması ikisi qızıl (Dünya çempionu, Konfederasiya kuboku) olmaqla Dünya çempionatı, Avropa çempionatı və Konfederasiya kubokları yarışında səkkiz medal qazanmasına rəğmən rotasiya ittifaqda mütəmadi davam edir.

DÇ-2022 seçmə oyunlarını uduzan Azərbaycan yığmasının Belarus və Moldava komandaları ilə yoldaşlıq oyunlarına sevinmələri də anlaşılandır… Yeri gəlmişkən, Ermənistan yığmasının yoldaşlıq görüşlərini Avro-2020-yə hazırlaşan Xorvatiya, Slovakiya və İsveç yığmaları ilə oyun  keçirmələri də onların əməli işlərinin məntiq nəticəsidir.  Digər bir qonşumuz Gürcüstan millisi də Ruminiya və Niderland yığmaları ilə yoldaşlıq oyunlarını keçirməklə güclü komandalarla rəqabət aparmağa üstünlük verirlər.   
Hər zaman AFFA-nı tənqid edən biri kimi yenə öz prinsiplərimə sadiqəm, iradlarımı bildirməklə yanaşı təkliflərimizi də səsləndirirəm.  Düşünürəm SOCAR-ın yeni Müşahidə Şurasının UEFA sponsorluğuna ayrılan maliyyəni qətiyyətlə dayandırmasının davamı olmalıdır.

Tam doğru qərardır. O sponsorluq əslində regional futbol infrastrukturuna və uşaq futboluna xərclənsə daha uğurlu olar. Dövlət proqramı çərçivəsində müəyyən qədər tikinti-quraşdırma işləri aparılsa da, istifadə effekti olduqca zəifdir.

Sual olunur ki, peşəkar futbola heç bir aidiyyatı olmayan, yüksək maaş alaraq  öz kefindən qalmayan AFFA-da vəzifə almış almaniyalı B. Lippertin havadarı  onu Bakıya nə üçün dəvət etmişdi?

Futbol klublarına sponsorluq AFFA vasitəsi ilə idarə olunur və nəticədə bir çox kluba prezident-dostlar təyin olunur. “Qarabağ” Futbol Klubu istisna olmaqla. Çünki AFFA digər klublardan fərqli olaraq onların idarəçiliyinə müdaxilə edə bilmədiyi üçün qismən də olsa uğur qazanırlar. AFFA-da peşəkar futbol mütəxəssisləri əvəzinə nə üçün başqa ixtisas sahibləri işləməlidir? 

Bakı çempionatı səviyyəsinə düşən yarışdan kənarda qalan Gəncə, Tovuz,  Şirvan, Zaqatala, Lənkəran, Siyəzən futbol ənənələri nə üçün bərpa olunmur?  Niyə  Vəli  Qasımov və Nazim Süleymanovdan sonra xarici klublarda ad qazanan futbolçularımız yetişmir?  
Əlbəttə peşəkarlığına hörmətlə yanaşdığım Rəşad Sadıqov əgər Türkiyə çempionatında  davamlı oynasaydı, düşünürəm böyük klublarda yer ala bilər, Azərbaycanın adını ucaldardı. Qapıçı Kamran Ağayev zamanında  Almaniyada ona olunan təklifi dəyərləndirsəydi, o da uğurun astanasında ola bilərdi.

Ölkədən kənarda özünü sübut edə bilən futbolçular yetişdirə bilmirik, ona görə də dost və qardaş Türkiyə klublarının və türk futbolçularının aparıcı xarici klublarda uğurlarına sevinərək özümüzdə təsəlli tapırıq.

Bu yaxınlarda rastlaşdığım bir təsirli mənzərəni təsvir etmək istərdim:

Avro-2020 oyunlarına ayrılan avtobusa minən azarkeşin oğlu: “Ata, Azərbaycan yığması udacaq?” sualını verdikdə çox kövrəldim. Ata özünü sındırmayaraq  - “Oğlum, bu dəfə İsveçrə və Uels komandalarına baxacağıq” – deyə cavab verdi. Növbəti oyunlarda isə “Qardaş Türkiyə millisinə azarkeşlik edərik” – deyib, vəziyyətdən çıxmağa çalışdı. Ancaq o uşağın üzündəki Azərbaycan futbol  həsədi daim xatirəmdə qalacaq .

Bu arada Xalq artisti Fərhad Bədəlbəylinin Kulis.az saytına verdiyi müsahibəsini xatırladım: “Biz futbola xeyli pul xərcləyirik, lakin hələ böyük uğurlar yoxdur. Amma mədəniyyətimizdə nə qədər böyük uğurlarımız var. Baxmayaraq ki, futboldan min dəfə az pul qoyuruq. Mədəniyyətə mütləq pul qoyulmalıdır”.

Fərqli nümunələri və müqayisələri göstərməkdə məqsəd acınacaqlı durumda olan Azərbaycan futbolunu bu vəziyyətə salan AFFA rəhbərliyini istefaya səsləməkdir. Axı ən populyar istefa mədəniyyətinə əsasən futbol aləmində rast gəlirik. Heç olmasa bu əmələ riayət edib  bacarmadıq deyərək, vəzifələrinizlə vidalaşın!Futbolu düşünməyən mütəxəssislər, imkan verin peşəkarlar öz işləri ilə məşğul olsunlar...

Bu qeydlərimi mərhum futbolçumuz, həyatda prinsipiallığı ilə seçilən Səmədağa Şıxlarovun ruhu şad olsun deyə qələmə aldım.

Əslində məqaləni yayda yazmışdım. Ancaq çap öncəsi 2009-cu ilin sentyabr ayında “Futbol+” qəzetinə səs-küylü müsahibəm də AFFA rəhbərliyinin Almaniya “sərgüzəştləri” yadıma saldı. Üstündən 12 il ötməsinə rəğmən dediklərim təəssüf ki, “çin” oldu. Yəni, futbol sahəsinə aidiyyatı olmayan Elxan Məmmədov, Rauf Əliyev, Ramin Musayev və digərləri futbolu “oyuncağa” çevirməyi bacardılar. Heç olmasa istefa verin,  futbolun canı Sizdən qurtarsın!

Çingiz ABDULLAYEV
Alman-Azərbaycan  Cəmiyyətinin sədri