Almaniya Bundesliqasında bu mövsüm bərpa olunacağı təqdirdə, futbolçular meydana qoruyucu maska ilə çıxa bilərlər.

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə planlaşdırılır. 

Bildirilir ki, matç zamanı hansısa futbolçunun maskası yerə düşəcəyi təqdirdə, oyun dayandırılacaq. Bundan başqa, oyunçulara fərdi qoruyucu vasitələrinə toxunmaq da qadağan ediləcək.

Almaniya Klublar Birliyi (DFL) bu və digər məqamlarla bağlı xüsusi qaydaları hazırlasa da, sözügedən məsələ müzakirə mərhələsindədi. Son olaraq bu sənədin müvafiq dövlət qurumlarına da təqdim olunması gözlənilir.

Qeyd edək ki, Almaniyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış 2019/20 mövsümünün mayın əvvəlində bərpa olunacağı gözlənilir. DFL prezidenti Kristian Seybert mövsümün bərpasına hazır olduqlarını, lakin yekun qərarın Almaniya hökuməti tərəfindən veriləcəyini bəyan edib.