AMADA 2020-ci ildəki fəaliyyətinə dair hesabat jurnalı nəşr edib
- 02 Okt 2021 08:42
- 616
Azərbaycan Milli Antidopinq Agentliyi şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiq qalaraq 2020-ci il ərzindəki fəaliyyətinə dair ətraflı məlumatların yer aldığı hesabat jurnalı dərc edib. 2020-ci il COVID-19 pandemiyası bütün sahələrə olduğu kimi dopinq nəzarəti sahəsinə də öz təsirini göstərmişdir. Pandemiyanın gətirdiyi məhdudiyyətlər və yaratdığı reallıqlar digər illərlə müqayisədə tamamı ilə yeni və fərqli şərait yaradıb. Elə buna görə də AMADA 2020-ci ildə fəaliyyətini pandemiyanın yaratdığı reallıqlar əsasında qurmuş, tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq fəliyyətinin davamlılığını və effektivliyini təmin etmək üçün çevik qərarlar qəbul etmişdir. Qabaqcıl təcrübələrin və innovativ üsulların tətbiqinə hər zaman xüsusi əhəmiyyət verən AMADA bu istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirmişdir. Dopinq nəzarəti testlərinin götürülməsi prosesi idmançıların və nümunə toplama heyətinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tələblərə tam uyğun şəkildə həyata keçirilmişdir. Dopinq nəzarətinin ən mühüm vasitələrindən olan antidopinq maarifləndirməsi əsasən distant üsulla olmaqla fasiləsiz təşkil edilmişdir. Hesabat ilində maarifləndirmə işlərində Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı məsələlər xüsusi yer tutmuş və AMADA bununla bağlı üzərinə düşən öhdəlikləri əvvəlcədən hazırlanan mərhələli proqram əsasında tam və vaxtında icra etmişdir.
2020-ci il ərzində AMADA qlobal antidopinq hərəkatında da aktiv iştirak edərək bir sıra beynəlxalq layihələri uğurla həyata keçirmiş, beynəlxalq tərəfdaşlarla keçirilən çoxsaylı görüşlər, imzalanan müqavilələrlə əməkdaşlığı daha da genişləndirmişdir.
2020-ci il Azərbaycan üçün həm də zəfər ili kimi tarixə düşmüşdür. Vətən müharibəsində əldə edilən şanlı qələbə eyni zamanda ədalətin yenidən bərqərar olması idi. AMADA Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərə kiçik də olsa töhfə vermək üçün müxtəlif yardım və təbliğat tədbirləri həyata keçirmişdir.
Göründüyü kimi, 2020-ci il dünya və Azərbaycan üçün mənfi və müsbət hadisələri ilə yaddaqalan və fərqli olmuşdur. AMADA bu il ərzindəki fəaliyyətində innovativ və qabaqcıl yanaşmaları tətbiq edərək fərq yaratmağa çalışmışdır. Elə buna görə də, 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat “Fərqli” adlandırılmışdır. AMADA-nın fəaliyyəti ilə bağlı ətraflı və təfərrüatlı məlumatların yer aldığı hesabat jurnalının elektron versiyası Azərbaycan və ingilis dillərində AMADA-nın rəsmi internet saytında yerləşdirilmişdir.