AMADA 2024-cü ildə idmançılardan 1300 antidopinq testi götürüb
- 31 Dek 2024 15:30
- 111
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 2024-cü ildə idmançılardan 1300 antidopinq testi götürülüb.
Rekord.az xəbər verir ki, bu barədə agentiliyin hesabatında bildirilib.
Test Bölüşdürmə Planı 30 idman növünü və 56 yarımnövü əhatə edib. 52 milli yarışda testetmə keçirilib, 6 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
Cari ildə AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsi 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntularına dair icraat başladıb. Bunlardan 4-ü idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi, 2-si idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, 1-i isə dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi ilə əlaqədardır.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 7-si idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın boks növsündə 2, taekvondo, ağırlıqqaldırma, pauerliftinq, cüdo, güləş, atletika və kikboksinqdə isə 1 qayda pozuntusuna rast gəlinib.
Ümumilikdə il ərzində 3074 şəxsi əhatə edən 59 maarifləndirmə seminarı, 9 vebinar, 7 kütləvi təbliğat tədbiri və 4 tədbir keçirilib.
Cari ildə Agentliyin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində və “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masalar keçirilib, psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğu təşkil edilib, Avropanın Profilaktika üzrə Tədris Proqramının təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub.
AMADA-nın təşəbbüsü ilə 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edilib. Belə ki, “Ədalətli idman həftəsi”ndə məlumatlandırıcı post və hekayələr paylaşılıb, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil olunub.
Cari ildə AMADA Türkiyə, Almaniya milli antidopinq təşkilatları, Azərbaycan Boks Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq haqqında müqavilə və memorondumlar imzalayıb.