AMADA - 7 il
- 23 Dek 2023 11:56
- 1051
Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 7 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin dekabrında imzalanmış Fərmanı ilə AMADA-nın təsis edilməsi ölkəmizin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsi və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsinin göstəricisidir.
AMADA fəaliyyət göstərdiyi 7 il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, dürüst idmançıların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır. Bu illər ərzində AMADA qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınıb.
Ötən 7 il ərzində AMADA-nın həyata keçirdiyi effektiv tədbirlər öz bəhrəsini verir. Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdırlar. Bu baxımdan, aparılan genişmiqyaslı antidopinq maarifləndirməsi və təbliğatı xüsusi çəkiyə malikdir. Belə ki, AMADA Azərbaycanın idman ictimaiyyətini, o cümlədən peşəkar və həvəskar idmançıları, məşqçiləri, idmançıya dəstək heyətini, həkimləri və universitet tələbələrini əhatə edən müxtəlif növ təhsil proqramları icra edir.
Növbəti il üçün yeni Strateji Plan hazırlayan AMADA ölkəmizdə antidopinq siyasətinin təkmilləşdirilməsinə töhfə verməyi, təmiz idman dəyərlərinə sadiqliyini, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartlarına uyğunluğunu ən yüksək səviyyədə davam etdirməyi hədəfləyir.