Dopinq vasitələrinin hətta fitnes mərkəzlərində satışının həyata keçirilməsi ilə bağlı Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) məlumatlar daxil olur.

AMADA-dan Rekord.az-a verilən məlumata görə, daxil olan informasiyaların və müraciətlərin təhlili bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin zəruri olduğunu göstərib.

Dopinqlə mübarizə sahəsində səlahiyyətli qurum olan AMADA problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb:

Tədbirlər planında dopinq vasitələrinin bazarının geniş təhlil edilməsi və aidiyyəti dövlət qurumları ilə birgə mübarizə tədbirlərinin gücləndirilməsi əksini tapıb. Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin artırılması nəzərdə tutulub. Bundan əlavə, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı Siyahı”sının müəyyənləşdirilməsi və bu siyahının müvafiq dövlət qurumlarına təqdim edilməsi planlaşdırılır.

Qurumdan bildirilib ki, tədbirlər planında tərkibində dopinq olan idman qidaları ilə mübarizəyə də xüsusi yer verilib: "Tərkibində dopinq olan idman qidalarının müəyyənləşdirilməsi və onlara qarşı mübarizənin gücləndirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlərin görülməsi nəzərdə tutulur. Şübhəsiz ki, dopinqlə mübarizədə ictimaiyyətin iştirakı böyük əhəmiyyətə malikdir. Belə hallarla rastlaşan vətəndaşların bununla bağlı məlumatlar verməsi üçün AMADA-nın “Susma” anonim məlumat platforması mövcuddur. AMADA-nın veb-saytına yerləşdirilmiş bu platforma vasitəsi ilə məlumat verən şəxslərin anonimliyi və məlumatın məxfiliyinə tam təminat verilir. Tədbirlər planında “Susma” anonim məlumat platformasının təbliği və ictimaiyyətin bu platformadan istifadə etməsini təşviq etmək üçün də tədbirlər görülməsi əksini tapıb".

Qeyd edək ki, dopinqlə mübarizə Ümumdünya Antidopinq Məcəlləsi, YUNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyası və Avropa Şurasının Antidopinq Konvensiyası ilə tənzimlənir. YUNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının tələblərinə əsasən AMADA Milli Əlaqələndirici Mərkəz qismində çıxış edir və Milli Uyğunluq Platformasına daxil olan qurumlarla dopinqlə mübarizəni əlaqələndirir və fəaliyyətin koordinasiyasını həyata keçirir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirən AMADA hazırlanmış xüsusi tədbirlər planını da müvafiq qurumlarla birgə icra edəcək. Bu məqsədlə həmin dövlət qurumları ilə mütəmadi görüşlər keçirilərək atılacaq addımlar və görüləcək tədbirlər müəyyənləşdiriləcək. Bundan əlavə, tədbirlər planının icrasının monitorinqi məqsədi ilə rüblük görüşlərinin keçirilməsi, görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi və buna uyğun olaraq növbəti addımların müəyyənləşdirilməsi nəzərdə tutulur.