AMADA Dövlət Proqramına qoşuldu
- 29 Dek 2020 17:16
- 896
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilmişdir. Belə ki, Dövlət Proqramının tədbirlər planına narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi üzrə 4.4.23-1-ci yarımbəndi əlavə edilmişdir. Dövlət Proqramını icra edən dövlət orqanları siyahısına daxil edilərək, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) həmin yarımbəndin mütəmadi olaraq icrası tapşırılmışdır.
Narkotik vasitələrin cəmiyyət üçün törətdiyi təhlükəni və bir sıra narkotik tərkibli maddələrin Ümumdünya Antidopinq Agentliyinin Qadağan edilmiş siyahısında mövcudluğunu nəzərə alaraq, AMADA öz fəaliyyətində narkotik maddələrin istifadəsinə qarşı mübarizəyə hər zaman böyük əhəmiyyət verib. Dövlət Proqramına edilən müvafiq dəyişikliyə uyğun olaraq AMADA bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək. Belə ki, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində həmçinin test nümunələrində narkotik tərkibli maddə aşkarlanmış idmançılarla bağlı bir sıra müddəalar var. Belə ki, idmançı narkotik vasitələrdən idman göstəricilərini yüksəltmək üçün, yəni dopinq məqsədilə istifadə etmədikdə, ona müəyyən müddətə sanksiya tətbiq edilir. Əgər həmin idmançı könüllü şəkildə müalicə və reabilitasiyaya razı olduqda, onun barəsindəki sanksiyanın daha da yüngülləşdirilməsi nəzərdə tutulur. AMADA narkotik vasitələrdən istifadə edən idmançıların müalicəsi və reabilitasiyası ilə bağlı ölkənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq edərək layihələr icra etməyi planlaşdırır.