AMADA ilə yekun vurdu
- 23 Dek 2021 11:58
- 642
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 23 dekabr 2021-ci il tarixində 2021-ci ilin nəticələrəninə həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, bu gün AMADA-nın yaradılmasının 5 ili tamam olur. 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə AMADA-nın yaradılması Azərbaycanın təmiz idman dəyərlərinə verdiyi əhəmiyyətin təzahürüdür. AMADA 5 ilik fəaliyyəti barədə məlumat verən Ş. Hüseynli bildirib ki, Ölkədə effektiv və dayanıqlı dopinq nəzarətini təmin etmək üçün AMADA fəaliyyətini daim təkmilləşdirir, müasir çağırışlar və meyllərə uyğunlaşdırır, habelə ən qabaqcıl təcrübələri və müasir innovativ üsulları tətbiq edir. AMADA təmiz idman dəyərlərinin qorunması üçün həm milli, həm də beynəlxalq səviyyədə tədbirlər görür qlobal antidopinq prosesinə öz töhfələrini verir. 5 illik fəaliyyəti dövründə AMADA ölkədə effektiv dopinq nəzarətini həyata keçirməklə yanaşı qlobal səviyyədə dopinqlə mübarizədə etibarlı tərəfdaş kimi nüfuz qazanıb.
Ş. Hüseynli 5 illik fəaliyyəti əks etdirən bir sıra statistik rəqəmləri də açıqlayıb. Son 5 ildə AMADA tərəfindən 6260 dopinq testi həyata keçirilib. Bunlardan 5400-ü milli test proqramı 860-ı isə beynəlxalq sifarişlər əsasında olub. AMADA-nın fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 76 antidopinq qayda pozuntusu üzrə qərar qəbul edilib və müvafiq sanksiya tətbiq edilib. Bununla yanaşı, 9 idmançının işi üzrə xitam yəni bəraət qərarı verilib. AMADA-nın direktoru bildirib ki, statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir. AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularının götürülən testlərin nisbəti 4.5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.
Beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında da nəzərə çarpan azalma müşahidə olunur. AMADA-dan əvvəl 2013-2016 ci illər ərzində beynəlxlq səviyyədə 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa son 5 ildə bu rəqəm 21-ə bərabər olub. Son üç ildə isə ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb. Bu da onu göstərir ki, antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır.
Ş. Hüseynli cari ildə görülən işlərdən də danışıb və bir sıra statistik rəqəmləri açıqlayıb. 2021-ci il ərzində idmançılardan ümumilikdə 1588 test nümunəsi götürülüb. Bunlardan 1456-ı milli test proqramı çərçivəsində, 132- i isə beynəlxalq sifariş əsasında olub.
2021-ci il üzrə 19 Antidopinq Qayda Pozuntusu üzrə araşdırma aparılıb. Onlardan 13-ü bu il icraata götürülmüş və 6 -ı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib. 18 antidpoinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. (paurliftinq 5, güləş 2, Velosiped idmanı 2, Basketbol 2, Para-atletika 1, futbol (işə xitam verilib), sambo, karate, Boks, Cüdo və Para-cüdo idman növlərinin hər birində 1)
AMADA öz fəaliyyətində antdopnq maarifləndirməsinə də geniş yer verib. İl ərzində maarifləndirmə ilə bağlı 29 seminar 20 vebinar və 8 təbliğat tədbiri və 4 ümumi tədbir keçirilib.
Beynəlxalq səviyyədə görülən işlərdən və əldə olunan uğurlardan da danışan Ş. Hüseynli bildirib ki, AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. AMADA Azərbaycanın Nümayəndə heyəti qismində Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunda (T-DO), Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsi (CAHAMA) və YUNESKO-nun Tərəflərin Konfransında ölkəmizi təmsil edir. AMADA-nın təşəbbüsü ilə Avropa Şurası çərçivəsində bir sıra layihələr icra olunur. AMADA-nın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri Antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı layihəsi uğurla icra edilir. Digər beynəlxalq layihə Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi layihəsinin icrası da davam edir. Layihənin həyata keçirilməsinə dəstək məqsədi ilə Avropa Şurası Gender Bərabərliyi üzrə Xüsusi Komitə təsisi edib.
Ş. Hüseynli deyib ki, bu il AMADA üçün beynəlxalq səviyyədə uğurlardan biri də Pekin 2022 Qış Paralimpiya Oyunlarında Antidopinq Proqramı üzrə ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərliyin ilk dəfə Azərbaycan nümayəndəsinə həvalə edilməsidir.
Mətbuat konfransında AMADA-nın beynəlxalq və yerli səviyyədə əməkdaşlıqları , həyata keçirilən layihələr, ictimai və sosial məsuliyyət tədbirləri haqqında ətraflı məlumat verilib. Sonda isə mətbuat nümayəndələrinin sualları cavablandırılıb.