AMADA mətbuat nümayəndələri üçün tədbir keçirdi
- 20 İyl 2022 18:44
- 439
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü ərəfəsində idman mətbuatının nümayəndələri üçün “Antidopinq maarifləndirməsində medianın rolu” mövzusunda tədbir keçirib.
Rekord.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək bildirib ki, idman mətbuatı idman sahəsinin ayrılmaz bir hissəsidir. Xüsusi ilə də, ədalətli və təmiz idmanın təbliği baxımından mətbuatın çox geniş imkanları var. AMADA bu məsələdə mətbuatla sıx əməkdaşlıq edir. Keçirilən bu tədbir də antidopinq maarifləndirməsində medianın rolunun daha da artırılması məqsədi daşıyır.
AMADA-nın gördüyü işlərlə bağlı media nümayəndələrinə ətraflı məlumat verən Şəfəq Hüseynli bildirib ki, Azərbaycan bir idman ölkəsidir və dövlət səviyyəsində bu sahəyə böyük diqqət və qayğı var. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkədə idmanın kütləviliyinin artırılmasına, sağlam nəslin yetişməsinə və idmançıların ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil etməsinə böyük önəm verir. AMADA-nın direktoru deyib ki, idmanın inkişafı sağlam dəyərlərə əsaslanmalıdır. Bunun üçün də təmiz idman dəyərlərinin təbliği çox vacibdir. Antidopinq maarifləndirməsi AMADA-nın fəaliyyətində dəyişməz prioritetdir. Həyata keçirilən maarifləndirmə proqramı bütün regionları, müxtəlif idman növlərini, bütün yaş qruplarını, idmançıların köməkçi heyətini hətta valideynləri əhatə edir. Həyata keçirilən Antidopinq maarifləndirmə proqramının həcmi baxımından AMADA dünyada qabaqcıl təşkilatlardan biridir. Təkcə bu ilin 6 ayı ərzində müxtəlif idman növlərini əhatə edən çoxlu sayda maarifləndirmə tədbirləri keçirilib və bu tədbirlərdə təxminən 1500 idmançı və onların köməkçi heyəti iştirak edib. Marifləndirmə tədbirləri paytaxtla yanaşı regionları da əhatə edir. Belə ki, müxtəlif rayonlarda olan idman məktəblərində keçirilən tədbirlərdə 500-dən artıq idmançı və onların köməkçi heyəti iştirak edib.
Şəfəq Hüseynli deyib ki, maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir. Bununla bağlı respublika idman federasiyaları ilə də sıx iş aparılır. Maarifləndirmə seminarlarının keçirilməsi, xüsusi ilə də idmançıların köməkçi heyətinin bu seminarlara cəlb edilməsi ilə bağlı federasiyalara müraciətlər edilir. Bu müraciətlərə mümkün qədər operativ qaydada və müsbət cavab verilməsi vacibdir. Görülən işlərin əsas məqsədi odur ki, ölkədə güclü və sağlam idmançılar yetişsin və onlar ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etsinlər. Ona görə də təmiz idman dəyərlərinə daim təbliğ edilməlidir.
Sonda jurnalistləri sualları cavablandırılıb.