Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hüquqşünası Nicat Əmiraslanlı Fransanın paytaxtı Parisdə Avropa Şurasının Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun Hüquqi məsələlər üzrə Məsləhətçi Qrupunun növbəti iclasında iştirak edib.


Rekord.az xəbər verir ki, Fransa Milli Olimpiya Komitəsində yerli antidopinq agentliyinin təşkilatçılığı ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlər uşaqlar və antidopinq, idmanda dopinq vasitələrinə dair cinayət qanunvericiliyi və Ümumdünya Antidopinq Məcəlləsinin yenilənməsinə dair Monitorinq Qrupunun tövsiyələri olub.


Birinci sessiya Ümumdünya Antidopinq Məcəlləsinə əlavə və dəyişikliklərə dair Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilmiş təkliflərin müzakirəsi ilə başlayıb və Konvensiyaya tərəf olan dövlətlərin nümayəndələrinin dopinq vasitələri ilə bağlı milli cinayət qanunvericiliklərində mövcud olan tənzimləmələrlə bağlı qısa arayışları ilə işini davam etdirib.


AMADA-nın nümayəndəsi dopinq vasitələrinin qadağan edilməsinə dair Azərbaycan Respublikasının inzibati xətalar və cinayət qanunvericiliyində mövcud olan normalar barədə iclas iştirakçılarını məlumatlandırıb. Tövsiyə olunub ki, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə üzv dövlətlər, xüsusilə də qonşu dövlətlər arasında tərəfdaşlıq əlaqələri genişləndirilsin, pozuntu hesab edilən əməllərə görə sanksiyalar sərtləşdirilsin və milli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq dərinləşdirilsin.


İkinci sessiya antidopinq sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı müzakirə ilə başlayıb. Məsləhətçi Qrup yetkinlik yaşına çatmayanlara münasibətdə antidopinq maarifləndirmə işinin gücləndirilməsinə, bu prosesə azyaşlı idmançıların valideynlərinin də cəlb edilməsinə, azyaşlılara münasibətdə tətbiq ediləcək sanksiyaların yüngülləşdirilməsinə dair tövsiyələr qəbul edib.