“Turan”ın sabiq rəisi İman Həsənovu futbol azarkeşləri yaxşı xatırlayır. Funsioner kimi 15 ilə yaxın doğma rayonun təmsilçisinin uğurları üçün çalışan Həsənov klubdan ayrılandan sonra agent işinə başlayıb. Onun bu sahədə ən böyük uğuru Türkiyə superliqasında çıxış edən “Dənizlispor”un Qafqaz regionu üzrə meneceri təyin olunmasıdı. İman bəy geridə qalan 5 ildə Türkiyə klubuna bir neçə futbolçunun transferində xüsusi rol oynayıb.


İman bəy son bir ayı Türkiyədə keçirib. Dünən onunla əlaqə saxlayıb, səfərinin məqsədi və son bir ayda hansı işlərlə məşğul olması ilə maraqlandıq. Məlum oldu ki, Dənizli klubunun region üzrə skaut sisteminin üzvü kluba yeni futbolçu qazandırıb: “Ötən mövsüm Gürcüstanın güclülər dəstəsini tərk edən Tiflis “Merani”sinin üzvü, bu ölkənin U-19 yığmasının kapitanını “Dənizlispor”un düşərgəsinə baxışa aparmışdım. Bunu məndən qonşu ölkənin futbol adamlarından biri xahiş etmişdi. Gənc futbolçunu bir neçə oyunda sınadılar, yoxlama görüşlərində meydana buraxdılar və klub rəhbərliyi tərəfindən bəyənildi. Sadəcə, bildirdilər ki, Türkiyədə “transfer pəncərəsi” bağlandığından onun adını sifariş ərizəsinə salmaq mümkün deyil. Buna baxmayaraq, həmin gənci düşərgədə saxladılar və klubun bazasında ona otaq ayırdılar. Kluba təklif etdiyim futbolçu məşqlərdə iştirak edəcək, yoxlama görüşlərində meydana çıxacaq. Yayda isə onunla rəsmi müqavilə bağlanacaq”.


Gürcü futbolçunun türk klubuna keçidində yardımçı olan İman bəyə “niyə bizim oyunçuları Türkiyə komandalarına təklif etmirsiz” sualını ünvanladıq. Həsənov sualımızı belə cavabladı: “Açığı, qardaş ölkədə azərbaycanlı oyunçulara o qədər də inam qalmayıb. Əvvəlki illərdə bir çox futbolçumuz Türkiyənin birinci dəstəsində çıxış edən klubların şərəfini qoruyublar. Ancaq klub rəsmilərinin dediyinə görə, etimadı doğrultmayıblar. Niyə? Bu sual ətrafında çox danışmaq olar. Elə nüanslar var ki, onu mətbuata çıxarmaq bəlkə də düzgün olmaz. Lakin fürsətdən istifadə edib onu sizə deyə bilərəm ki, səfərim zamanı iki azərbaycanlı futbolçunu Türkiyə klubuna təklif etdim. Onu da bildirim ki, adını çəkmək istəmədəyim həmin klub superliqada çıxış edir. Futbolçular isə Amil Yunanovla Elvin Yunuszadədi. Hətta adını çəkmədiyim superliqa təmsilçisinin ikinci məşqçisi Yunanovla telefonla danışdı. Özünə bildirdi ki, onunla maraqlanırlar, çıxışını yaxından izləyirlər. İndi hər şey Amilin özündən asılıdı. Orda olduğum müddətdə “Şkupi”də Yunuszaənin baş məşqçisi olan Ümit Karanla da görüşdük. Ümit hoca onunla bağlı həm mənə, həm də xidmətində maraqlı olan klub rəsmilərinə müsbət fikirlər söylədi. Ümid edirəm ki, yay “transfer pəncərəsi”ndə hər iki futbolçumuzun superliqa təmsilçisinə keçidi baş tutacaq”.


İman bəy daha bir diqətçəkən açıqlama verdi: “Hər yerdə deyirik ki, biz “bir millət, iki dövlətik”. Yaxşı olardı ki, Türkiyə superliqasında çıxış edən, ancaq qardaş ölkənin əsas yığmasına dəvət almayan istedadlı oyunçuları yığmamıza dəvət edək. Hər halda, onlar kənardan dəvət olunan, süni yollarla azərbaycanlı çıxarılan “milliləşdirilənlərdən” daha çox yığmaya xeyir verə bilər. Məsələn, vaxtilə “Fənərbaxça”da oynayan, Belçikada “Genk”in şərəfini qoruyan, hazırda “Dənizlispor”da çıxış edən Rəcəb Niyazı nümunə göstərə bilərəm. Futbolçunun atası ilə də yaxın dostam. Həm futbolçu, həm də atası ilə yığma barədə söhbətimiz olub. Rəcəb böyük məmnuniyyətlə Azərbaycan yığmasında oynamağa hazır olduğunu söyləyib. Yaxşı olardı ki, AFFA rəhbərliyi belə futbolçularla təmasa girsin, onun istəyini nəzərə alıb, milliyə dəvət etsin”. ("Futbol plus")