Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. 

Rekord.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 21-ci turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.

Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Amilin Premyer Liqada ilk qolu 2011/12 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb – 1:0.