Amit Quluzadə yenidən legioner olacaq?
- 05 Mar 2020 18:00
- 1041
Vaxtilə ölkənin xoş gələcək vəd edən gənclərindən sayılan, “Neftçi”də yetişən, Berti Foqtsun dönəmində yığmaya dəvət alan Amit Quluzadə xeyli vaxtdı gözdən uzaq düşüb.
Rekord.az xəbər verir ki bir ara Türkiyədə “Kayseri Ərciyəsspor”, Portuqaliyada “Atletiko”, Yunanıstanda “Larissa”, Kosovoda “Drita”nın heyətində meydana çıxan 27 yaşlı yarımmüdafiəçinin sonuncu iş yeri hazırda Elvin Yunuszadənin çıxış etdiyi Bosniya və Hersoqovina təmsilçisi “Çelik” olub.
Lakin Bosniyada da özünə yer edə bilmədiyindən cəmi bir oyunda iştirak edib yenidən vətənə qayıtdı.
Amit 6 aydan çoxdu yaşıl meydanlardan kənar qalıb. Yerli komandaların ona maraq göstərməməsi sual doğurur. Ona görə də ümid yeri yenidən xaricdə top qovmaqdı. Əldə etdiyimiz məlumata görə, Amitin Avropadakı tanış agentləri ona iş yeri tapmaq üçün çalışır. Və bununla bağlı bir neçə klubla danışıq aparılıb. Sadəcə, bəzi detalların həlli qalıb ki, Quluzadə həmin ölkələrdən birinə yollansın. Martın ilk ongünlüyündə dayaq yarımmüdafiəçisinin gələcək taleyinə aydınlıq gəlməlidi. ("Futbol+)