"Amma Bakıda elə olmayacaq"
- 04 İyn 2021 12:43
- 578
“Son hazırlıq matçımızı Moldovaya qarşı keçirdik. Gözəl matç oldu. Oyunçular yaxşı ötürmələr verdilər. İlk dəqiqələrdən sona kimi oyuna hakim idik. İki cavabsız qolla qalib gəldik. Başda Şenol Günəş olmaqla bütün komandanı, futbolçularımızı təbrik edirəm".
Rekord.az xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Moldovaya 2:0 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Toplanışımız hələ daha bir həftə davam edəcək. Sonra İtaliyaya gedəcəyik. İyunun 11-də Romada Avropa çempionatının açılış matçında İtaliya yığmasıyla qarşılaşacağıq. Təbii ki, ümidliyik. Milli komandamızın orada yaxşı bir nəticə qazanmasını və Bakıda bu uğurun davamını gətirməsini istəyirik. Çünki orada da Uels və İsveçrə ilə matçlarımız var. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Allah nəsib edərsə, futbol şansı da futbolçularımızın yanında olarsa, inşallah, bu qrupdan çıxacağıq" - deyə o bildirib.
Qurum prezidenti bütün futbolçuların İtaliya ilə görüşün həyəcanını yaşadığını deyib: "Bu matçı bütün dünya izləyəcək. Futbolçular özlərini bu matçda göstərəkəcələr. Amma hətta Romada uduzsaq belə, qarşıda daha iki oyunumuz, alınacaq 6 xalımız olacaq.
N.Özdemir Bakıda oynayacaqları 2 matç haqda da danışıb: "Təəssüf ki, İtaliyaya azarkeş aparmaqda çətinlik çəkirik. Burada həm viza ilə bağlı problemlər var, həm də bizə ayrılan yer azdır. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli azarkeşləri, azərbaycanlı qardaşlarımızı bu oyunlarda millimizə dəstək olmağa səsləyirəm. Onları bu matçlarda gözləyirik, milli komandamızı dəstəkləmələrini istəyirik. Belə də olacağına inanıram. Çünki biz həmişə “tək millət, iki dövlət” deyirik. Bir yerdə milli komandamıza dəstək olacağıq. Yaxşıı xallar qazanaraq qrupdan çıxacağıq. Azarkeşlərin dəstəyi ilə milli komandamız daha yaxşı oynayıb, nəticələr əldə edəcək".