Antalyadan bir medalla
- 03 Apr 2022 23:00
- 551
Türkiyədə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, 1-3 aprel aralığında Antalya şəhərində baş tutan turnirdə Azərbaycan 17 idmançı ilə təmsil olunub.
66 ölkədən 552 idmançının qatıldığı turnirdə Azərbaycanı təmsil edən oğlan idmançılardan 7 çəki dərəcəsində 13 idmançı, qızlardan isə 3 çəki dərəcəsində 4 idmançı medallar uğrunda mübarizə aparıb.
100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya) qarşılaşıb və qalib gəlib. O, daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib. 1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalesə (Rumıniya) qalib gəlib. Həlledici görüşdə kanadalı Kayl Reyeslə üz-üzə gələn idmançımız bu rəqibinə də qalib gələrək “Böyük Dəbilqə”nin bürünc medalına sahib çıxıb.
Digər cüdoçularımızdan isə heç biri medal qazana bilməyib. Beləcə, Azərbaycan millisi “Böyük Dəbilqə” turnirini cəmi 1 medalla başa vurub.
Azərbaycan cüdoçuları aprelin 4-dən 10-na qədər Antalyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.