2015-ci ilin yanvar ayında Antalyada idim. Peşəkar Futbol Liqasının xətti ilə bir qrup jurnalist hakimlərimizin Türkiyənin kurort şəhərindəki təlim-məşq toplanışını izləməyə getmişdik. Adamın bu yerdə “indikindən iraq” deməyi gəlir. İndi nə hakimlərimiz xaricə toplanışa gedib, orda səviyyəli komandaların qarşılaşmalarını idarə edərək təcrübə qazanırlar, nə də qələm əhlini bu cür səfərlərə aparırlar. “Ötən günə gün çatmaz” deyib, qayıdaq mətləbimizə. Çünki sözümün canı başqadı.


“Miracle” otelində hakimlərimizlə və jurnalistlərlə yanaşı o vaxt Mirbağır İsayevin çalışdırdığı U-17 millimiz də məskunlaşmışdı. Orda olduğumuz müddət ərzində tez-tez millimizin üzvləri ilə də rastlaşırdıq, kef-əhval soruşurduq. Bir gün liftə mənimlə əynində U-17 millimizin geyim dəsti olan futbolçu daxil oldu. Salam verdim, neçənci mərtəbəyə qalxdığını soruşdu. Başını bulayıb, azərbaycan dilini bilmədiyinə işarə vurdu. Adını soruşduqdan sonra Anton Krivotsyuk olduğunu öyrəndim. Hər dəfə onun adını milliyə çağrılan futbolçuların sırasında gördükdə həmin əhvalatı xatırlayırdım.


Çox keçmədi ki, Antonu gənc və perespektivli futbolçu kimi “Neftçi”yə gətirdilər. Az sonra da ukraynalı futbolçunun əsas millimizə yolu açıldı. Xeyli aqressiv və vərəqə almağa, kobud oynamağa meylli biri kimi tanıyırıq. Amma fiziki göstəricilərinin sayəsində bu qüsurunu ört-basdır etməyi, elə “fizika”da axsayan azərbaycanlı futbolçulardan fərqlənməyi bacarır. Elə buna görə də “Neftçi”də çox qısa müddətdə əsas heyət üzvünə çevrilmişdi. Yerli futbolçu statusuyla oynaması, limitə düşməməsi də “ağ-qaralar”ı çalışdıran baş məşqçilər üçün əlavə üstünlük idi. Onu meydana buraxmaqla həm limitin tələbini gözləyirdilər, həm də ortabab futbolçunun xidmətindən yararlanırdılar. Hərdən rəqibin cərimə meydançasında peyda olması, vacib qollar vurması da var idi. Elə bütün bunlara görə də “Neftçi”nin əsas heyətindəki yerini möhkəmləndirmiş, komandanın vacib üzvünə çevrilmişdi. 


Yayda Anton Polşanın “Visla” klubuna keçəndə xeyli sevinmişdik. Hər necə olsa, Krivotsyuk Azərbaycan millisinin üzvüdü. Polşada bizi təmsil edəcəkdi. Digər tərəfdən də onun Polşada oynaya-oynaya səviyyəsini yüksəltməsi, daha yaxşı futbolçuya çevrilməsi bizim millinin xeyrinə olacaqdı. Hələ “Neftçi” bu keçiddən pul da qazanmışdı. Klubun prezidenti Kamran Quliyev fəxrlə bildirmişdi ki, Plotsk “Visla”sı ilə 3+1 illik müqavilə bağlamış futbolçuya görə “Neftçi”yə 70 min avro yetişdirmə pulu da ödənəcək. Deyəsən, sevincimizin ömrü elə də uzun sürmədi. Anton əvvəlcə “Visla”da ehtiyat oyunçuya çevrildi. Daha sonra da müharibəni əsas gətirən futbolçu komandasının düşərgəsindən ayrılıb. Onun “Neftçi” və “Qarabağ”la danışıq apardığı, Azərbaycan Premyer-Liqasına qayıtmaq həvəsinə düşdüyü gələn xəbərlər arasındadı. Çox güman ki, hadisələr elə bu ssenari üzrə inkişaf edəcək.


Bizimkilər xaricdən vətənə qayıdanda onları qınayırıq, dözümsüz adlandırırıq. Anton isə ukraynalıdı, Şevçenkonun həmyerlisidi. Özü də indi ukraynalılar bütün dünyaya mübarizə dərsi keçir, əzmkarlıq öyrədir. Bizim Anton isə ilk imkandaca dabanına tüpürüb, Bakıda özünə klub axtarmağa başlayır. Çünki bizim rəqabətsiz çempionatda oynamaq asandı. Nə uzaq yol qət edirsən, nə azarkeş təzyiqi görürsən. Ver yeyim, ört yatım, pulumu qazanım...