Tələbə oğlanlardan ibarət Azərbaycan millisi Universiadaya hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız yarışa ev sahibliyi edən Çindədir. İki gün sonra mübarizəyə başlayacaq yığmamızın kapitanı Aqil Ağazadə hazırlıqlar və turnir haqqında danışıb:

"İyulun 24-də Universiadaya ev sahibliyi edən şəhərə gəldik. Azərbaycanla saat fərqi çox olduğuna görə hər birimizdə biraz yorğunluq hiss olunur. Bu gün Bakı vaxtı ilə 06:00-da ilk məşqimizi etdik. Bununla belə, qısa zamanda bu rejimə uyğunlaşacağımızı düşünürəm. 

Qrupumuz kifayət qədər çətindir, rəqiblərimiz güclü komandalardır. İlk oyunumuz iyulun 29-da Ukrayna millisinə qarşı olacaq. Komandamızda yaxşı əhval-ruhiyyə var. Yarışa ciddi hazırlaşmışıq. Hər bir oyunçumuz qələbə üçün meydana çıxacaq. Uğurlu nəticə qazanmaq və azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, rəqiblərimizə qarşı yaxşı oyun göstərərək bunun öhdəsindən gələ biləcəyik".