Növbəti mövsümdə I Divizionun hansı formatda, neçə komandanın iştirakı ilə keçiriləcəyi hələ məlum deyil. Lakin elə komandalar var ki, iştirak üçün AFFA-ya müraciət etməyə hazırlaşır.

Rekord.az-a daxil olan məlumata görə, belə komandalardan biri də “Araz Naxçıvan”dı.

Belə ki, Naxçıvan təmsilçisi növbəti mövsümdən I Divizionda oynamağı düşünür və artıq heyətlə bağlı çalışmalara başlayıb.

Bu addımın əsas səbəbi, səbəbkarı ötən il struktur dəyişikliyinə gedilən Naxçıvan Futbol Federasiyasıdı. Qurumun qəbul və elan etdiyi 5 illik plana əsasən Muxtar Respublikada uşaq futbolu yüksək səviyyədə inkişaf etdiriləcək, bunun üçün bütün lazımi infrastruktur təmin ediləcəkdir. Bununla yanaşı, əsas komandanın layihənin ikinci ili - yəni bu ilin sentyabrında I Divizionda iştirakı da nəzərdə tutulmuşdu. Hazırda bu plan həyata keçirilməkdədi və koronavirus pandemiyası ilə bağlı problemlər öz həllini tapandan sonra konkret addımlar atılmağa başlanılacaq.