Ötən həftə AFFA Lisenziya Komissiyasının aşağı dəstədə çıxış edən iki kluba – “Zaqatala” və “Araz Naxçıvan”a premyer-liqada iştirak üçün lisenziya verdiyindən xəbəriniz var.

O da məlumdu ki, Əsasnaməyə uyğun olaraq, 2022/23 mövsümündə elitada sonuncu olan komanda diviziona yuvarlanacaq, aşağı dəstənin çempionu isə növbəti “futbol ili”ndə premyer-liqada çıxış edəcək. İdman prinsiplərini nəzərə alsaq, “Araz Naxçıvan”ın 2023/24 mövsümündə premyer-liqada iştirakı qanunauyğundu. Bəs görəsən, Naxçıvan təmsilçisi premyer-liqada iştirak etməyə layiqdimi? Yazıda bu suala aydınlıq gətirməyə çalışacağıq.

Tələblərə cavab verməyən infrastruktur
İlk baxışdan “Araz Naxçıvan”ın stadionla bağlı problemi yoxdu. Muxtar Respublikanın ən böyük arenası klubun ixtiyarındadı. Arenanın meydanı standartlara uyğundu, palatardəyişmə otaqları, mətbuat konfransı zalı, başqa yardımçı otaqlar var. Bir sözlə, çıx və futbol oyna. Ancaq elitada çıxış etmək üçün tələblər başqadı. Naxçıvan təmsilçisinə güzəşt olunmasa, çətin ki, komanda öz gücünə bunun öhdəsindən gələ. İlk növbədə qazon məsələsinə toxunmaq lazımdı. Meydanın örtüyü təbii olsa da, heç də yaxşı vəziyyətdə deyil. Kəskin iqlimə malik bölgədə payız və qış mövsümü soyuq keçdiyindən qazon qazılmış kartof sahəsini xatırladır. Bəlkə də divizion komandaları üçün orda oynamaq problem yaratmırdı. Ancaq futbolçusuna ildə yüzminlərlə manat məvacib verən “Qarabağ”, “Neftçi”, “Sabah” kimi klublar Naxçıvandakı arenaya görə PFL-in gününü qara edəcək. Düzdü, Naxçıvan təmsilçisinin rəsmiləri “məgər Gəncə, Tovuz stadionunun qazonu idealdı? Orda olar, burda yox” deyib iradlarla razılaşmaz. Ancaq başa çatmaqda olan mövsüm göstərdi ki, milyonluq büdcəyə malik elita təmsilçiləri artıq belə meydanlarda oyun keçirmək istəmir və hər dəfə bununla bağlı narazılığını açıq-aydın dilə gətirir. Sizcə, PFL özünə əlavə başağrı yaratmaq istəyəcək? Təbii ki, qurum özünü nüfuzdan salmamaq üçün örtük məsələsində diqqətli olacaq. Klub rəsmiləri mətbuata hər açıqlamasında mövsümlərarası fasilədə qazonun dəyişdiriləcəyini, təbii otun süni ilə əvəzlənəcəyini qeyd edir. Ancaq bu yöndə hələ bir yenilik yoxdu. Əldə etdiyimiz məlumata görə, PFL rəhbərliyi artıq Naxçıvan klubuna bununla bağlı xəbərdarlıq edib. Mükafatlandırma üçün Naxçıvana yollanan rəsmilər klub nümyəndələri ilə görüşdə qazon, işıqlandırma məsələlərini xüsusi qabardıb. Qarşı tərəfdən sözdə yox, əməldə ortaya iş qoymalarını istəyiblər. Əks halda “Araz Naxçıvan”ın ev oyunlarının Muxtar Respublikada keçirilməsinə icazə verilməyəcəyi bildirilib.

Könlü balıq istəyənin...
Elitanın tələblərindən biri də premyer-liqa klublarının nəzdində aşağı yaş qruplarının olmasıdı. Bəs “Araz Naxçıvan”da bu yöndə vəziyyət necədi? Təxminən bir ay öncə klubun aşağı yaş qruplarına nəzarət edən Adil Şükürov bu yöndə vəziyyətin heç də ürəkaçan olmadığını səmimi etiraf etmişdi. Düzdü, Adil bəy qarşıdakı vaxtda çatışmazlığı aradan qaldıracaqlarını, əvəzedici, U-19, U-17 komandalarını formalaşdıracaqlarını vurğulamışdı. Ancaq bu gün üçün Naxçıvan klubunda bu yaş qruplarının heç biri yoxdu. Ən pisi odu ki, əvəzedici, U-19 və U-17 olacağı halda belə, Naxçıvanda oynamayacaqlar. Gəzən söz-söhbətə inansaq, qeyd etdiyimiz komandalar ev oyunlarını Bakıda keçirəcək. Belədə bu komandaya necə Naxçıvan klubu demək olar? Elitada çıxış etmək istəyən klub ilk növbədə uşaq futbolunda yaşanan çatışmazlığı aradan qaldırmağa çalışmalıdı. Geridə qalan müddətdə klub rəhbərliyi bu sahəni düzəldə bilməyibsə, deməli, idarəetmədə işi bacara bilməyənlər əyləşib. Uşaq futbolunu dirçəldə bilməyənlərə elitada çıxış etmək yönündə “yaşıl işıq yandırmağın” nə dərəcədə düzgün addım olduğunu zaman göstərəcək.

AFFA-nın ehtiyat variantı hazırdı
Sadaladığımız çatışmazlıqları nəzərə alanda Naxçıvan klubunun elitata iştirakına icazə verilməsi bir qədər absurd görünür. Bəlkə də bu səbəbdən AFFA ehtiyat variant kimi “Zaqatala”nı nəzərə alıb, şimal-qərb zonasını təmsil edən kluba da lisenziya verib. Assosiasiya rəhbərliyi yaxşı bilir ki, Naxçıvanda yetərincə çatışmazlıq var. Hazırda naxçıvanlıların premyer-liqada oynaması üçün Muxtar Respublikda istənilən şərait yoxdu. Və onu aradan qaldırmaq da çox çətin prosesdi. Klub rəhbərliyi yaxın vaxtda problemləri həll etmək üçün addım atmasa, böyük ehtimalla, ikinci, daha dəqiq desək, “Zaqatala” variantı gündəmə gələ bilər. Əslində “Zaqatala” “Araz Naxçıvan”dan çox premyer-liqada çıxış etməyə layiqdi. Ən azı yaxın keçmişdə bölgəni elitada təmsil edən “Simurq” “Araz Naxçıvan” kimi elitada çıxışını yarımçıq dayandırmayıb və yaxud gürcü futbolçu Canalidzeni ictimaiyyətə Canıyev kimi təqdim etməyib.

Dayanıqlı maliyyə, yoxsa AFFA-ya açılacaq əl?
Klubun əsas sponsoru “Cahan Holdinq”di. Bu həmin holdindi ki, bir neçə ay öncəyə qədər Vasif Talıbova məxsus olduğu deyilirdi. Holdinqin rəhbəri hazırda Vüqar Abbasovdu. Bir neçə ay öncə mətbuatda onun Vasif bəyin yaxını kimi DTX tərəfindən sorğu-suala çəkildiyi deyilsə də, hələ ki postunu qorumağı bacarıb. Ancaq gələcəkdə nəyin necə olacağı hələ məlum deyil. Bu məqamları nəzərə aldıqda naxçıvanlıların dayanıqlı maliyyəyə sahib olduğunu da düşünmək mümkün deyil. Düzdü, ortada AFFA-nın elita klubları üçün ayırdığı 3 milyon var. Bu vəsaitə ümid olub elitada oynamaq isə yağışa bel bağlayıb taxıl əkməyə bənzəyir. Necə deyərlər, yağmadı yağış, bitmədi qamış...

Sonda bir qədər də tarixə qayıdaq. Xatırladaq ki, klubun əsası 1967-ci ildə qoyulub və SSRİ çempionatında çıxış edib. Müstəqillik illərində bir müddət futbolsuz qalan Naxçıvan 2014-cü ildə yenidən böyük futbol ailəsinə qoşulub. Həmin il 11 oyunun 9-da məğlub olduğu üçün hakimlərin ədalətsiz qərarlarını əsas gətirərək çempionatda iştirakını dayandırıb. 2021/22 mövsümündə Region Liqasında çıxış edərək çempionatı 3-cü yerdə başa vurub. 2022-ci ildən isə yenidən birinci divizionda çıxış etməyə başlayıb.

 

Futbol+ qəzeti