Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə bu komandanın qapısını Semir Bukviç qoruyacaq.

1.88 sm boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Rodriqes və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.