“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan çempionatları tarixinə düşüb.


Rekord.az xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan 660 "quru" dəqiqə səddini geridə qoyub.


Onun Misli Premyer Liqasındakı "quru" seriyası XVII turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.


Oktyabrın 26-da, XI turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra K.Avram ardıcıl 6 görüşü "quru" keçirib. O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.


XVII turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla K.Avramın seriyasını qırıb.


Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci "quru" seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.