“Araz” vahid liderliyi ələ keçirdi
- 09 Noy 2021 19:58
- 361
Bu gün futzal üzrə Yüksək Liqada V turdan təxirə salınmış bir oyun keçirilib.
Rekord.az xəbər verir ki, turnir cədvəlinin ilk iki pilləsində yer alan EKOL və “Araz” (Naxçıvan) komandaları qarşılaşıb.
Dövlət Bayrağı Günü ilə əlaqədar futzalçılar meydana Azərbaycan Respublikasının bayraqları ilə daxil olublar. Oyundan əvvəl dövlət himni səsləndirilib.
Oyuna gəldikdə, Rizvan Fərzəliyev və İsaq Suğalı zədəli olduğuna görə, komandasına kömək edə bilmirdi. EKOL isə mübarizəyə tam heyətlə başlamışdı. Oyunda hesab erkən açıldı. 1-ci dəqiqənin tamam olmasına 9 saniyə qalmış Felipinyo rəqibi meydanın mərkəzinə dəvət etdi. Aqressiv oyun tərzini davam etdirən çempion 3-cü dəqiqədə növbəti qolunu vurdu. Manekanın ötürməsini yenə Felipinyo tamamladı. 17-ci dəqiqədə EKOL meydanda azlıqda qaldı. Namiq Məmmədkərimov ikinci sarı-qırmızı vərəqə aldığına görə meydanı erkən tərk etməli oldu. Üstünlüyünü ikinci hissədə də davam etdirən “Araz” qələbə sayəsində vahid liderliyi ələ keçirib.
Yüksək Liqa
V turun oyunu
9 noyabr
EKOL - Araz 1:4
Qollar: Fərid Atakişiyev, 21:20- Felipinyo, 0:51; 2:24. İsa Atayev, 12:07. Ramiz Çovdarov, 32:42.
Bakı İdman Sarayı. Saat 14:00.
Xal durumu: Araz – 18, EKOL – 15, Record – 9, Baku Fire – 9, Neftçi İK – 7, Xilə – 6, U-19 – 4, Alyans – 3.