Araz Abdullayev “Sumqayıt”ın düşərgəsindədi. Futbolçu Cənubi Kiprin “Etnikos” klubundan ayrılandan sonra işsiz qalmadı. İldırım sürətli plan işə düşdü və yeni ilin ilk günlərində Arazın “Sumqayıt”da oynayacağı barədə xəbərlər oxuduq. Artıq münasibətlər rəsmiləşib, futbolçu yeni komandasıyla birlikdə Antalyaya yollanıb. 30 yaşlı yarımmüdafiəçi Türkiyənin kurort bölgəsində məşq edəcək, sonra da Azərbaycan Premyer Liqasının oyunlarında meydana çıxacaq və beləcə günlərini yola verəcək. Bir vaxtlar səsi “Everton”un düşərgəsindən gələn istedadlı futbolçu qürub etməkdə olan günəşə çevrilməkdədi...

 

Onun adı gələndə həmişə fərqli hisslər keçiririk. İngiltərə klubunun skautları Arazın oyununu U-21 millimizin Şotlandiyaya qarşı keçirdiyi oyunda bəyənmişdilər. 2:2 hesabıyla bitən oyunda Abdullayev fərdi keyfiyyətlərini ən yüksək formada sərgiləmiş, əcnəbilərin “gözünə girməyi” bacarmışdı. İngilislər onu israrla istədilər, bunun üçün hətta Bakıya da gəldilər. Təmtəraqlı mətbuat konfransı, təqdimat mərasimi keçirildi, müqavilə imzalandı və Abdullayev vəd olunan vaxtda İngiltərəyə, “Everton”un düşərgəsinə yollandı. Ölkə olaraq gənc futbolçunun uğuru üçün dua edir, səbrsizliklə onun İngiltərə Premyer Liqasının oyunlarında meydana çıxacağı günü gözləyirdik. Amma bu arzumuz çox bəsit bir problem üzündən reallaşmadı. İşçi vizasının alınması üçün Arazın Azərbaycan millisinin heyətinə çağrılması, müəyyən sayda oyunda meydana çıxması lazım idi. Çünki biz Avropa Birliyi üzvü olmayan, futbolunun imici yerlərdə sürünən ölkənin vətəndaşlarıyıq. Belədə ingilislərin hər yoldan ötənin Premyer Liqada oynamaması üçün müəyyən şərtlər irəli sürməsi də başadüşüləndi.

 

Canni De Byazinin, yaxud da Nikola Yurçeviçin dövründə olduğu kimi, Berti Foqtsun çalışdırdığı millimiz də məğlubiyyətləri sıralayırdı. Nə fərqi vardı meydana Daniel Axtyamov çıxır, yoxsa Araz Abdullayev? Amma qısqanclıq, AFFA-dakı məlum qruplaşma üzvlərinin “Neftçi”nin o vaxtkı rəhbərliyinə olan münasibəti Arazın milliyə çağrılmasına imkan vermədi. Ahıl yaşlı Foqts AFFA-nın diqtəsiylə gənc futbolçunun milliyə, ordan da İngiltərəyə uzanacaq yolunu bağladı. Ondan sonra heç bir azərbaycanlı futbolçunun belə şansı olmayıb. Heç bundan sonra olacağı da gözlənilmir. Bu şans təkcə Araz Abdullayevə verilməmişdi, həm də bizim futbolumuz üçün tarixi fürsət idi. Deməli, kimlərinsə şəxsi prinsipləri üzündən Azərbaycan futbolu həmin tarixi fürsəti əldən buraxdı.

 

Bu hadisədən sonra Araz da sıradan bir futbolçuya çevrildi. Xüusiylə heç nəylə fərqlənə bilmədi. Maraqlısı odu ki, bir vaxtlar millinin qapısını onun üzünə bərk-bərk bağlayan AFFA futbolçu klubsuz qalanda bu qapını açdı. Klubsuz Arazı əvvəl milliyə çağırdılar, sonra da “milli futbolçu” statusuyla “Boluspor”a görəndirdilər. Səbəb sadəydi, Araz menecerini dəyişmiş, “doğru adamlar”la işləməyə başlamışdı. “Boluspor”dan sonra tale onu “Etnikos”a apardı. Amma bundan sonrası çətindi. Görünən odu ki, bir dövrün daha sonuna gəlirik.​ Bir çoxları üçün “Sumqayıt” karyeranın son dayanacağıdı. Çox təəssüf ki, Araz bu “dayanacağa” digərlərindən daha erkən çatdı. Premyer Liqa xəyallarımız illər sonra gercəkləşdi. Xəyallar İngiltərə Premyer Liqası idi, reallıq Azərbaycan Premyer Liqası oldu...