Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz” (Naxçıvan) səfərə itki ilə yollanacaq.

Rekord.az xəbər verir ki, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək.

Buna onun zədədən əziyyət çəkməsi səbəb olub. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək.

Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə Naxçıvan təmsilçisinə kömək edə biləcək.

“Araz”ın səfərə aparacağı futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov;

Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

“Araz” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.

B yolunda yer alan Azərbaycan təmsilçisi “Uraqan” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.