DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı məğlub edib.


Rekord.az xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Son dünya çempionlarının heyətində Xulian Alvares (4), Entso Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) fərqlənib. Braziliya millisinin yeganə qolunu Mateus Kunya 26-cı dəqiqədə rəqib qapısından keçirib.


Argentina millisinin kapitanı Lionel Messi zədə səbəbindən bu oyunda iştirak etməyib.


Qeyd edək ki, "tanqoçular" dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib. 31 xalla turnir cədvəlinin ilk pilləsində yer alan Argentina üç ölkədə - Kanada, Meksika və ABŞ-də təşkil olunacaq mundialdakı yerini təmin edib. Braziliya isə hazırda 21 xalla dördüncüdür. Seçmə mərhələnin sonunda turnir cədvəlində ilk 6 yeri tutan komandalar dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.