Argentinalı futbolçu "Qarabağ"la baş tutmayan danışıqlardan danışdı
- 18 Apr 2020 18:00
- 727
“Mən həqiqətən mövsümün əvvəli Azərbaycan klubundan təklif almışdım. Hətta bir müddət danışıqlar da apardıq”.
Rekord.az-ın xəbərinə görə, bu sözləri Argentina mediasına açıqlamasında “Boka Xuniors”un 33 yaşlı qapıçısı Markos Dias deyib.
O bildirib ki, klubundan ayrılaraq Azərbaycana getməyə yaxın olub: “Təklif çox cəlbedici və konkret idi. Mən özüm buna razılaşdım. Amma istədim ki, transferdən doğma klubum da qazansın. Orada çox oynamaq istəyirdim. Yaxşı variant idi. Amma yekunda danışıqlar pozuldu”.
Xatırladaq ki, ötən yay “Qarabağ”ın Diasla danışıqlar apardığına dair Azərbaycan və Argentina mediasında məlumatlar yayılıb.
Əlavə edək ki, Diasın klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatır.