Futbol tariximizə düşmüş oyunlar çərçivəsində olan layihəmizin növbəti yazısını U-19 millimizin 2006-cı ildə Cənubi Kiprdə keçirilən Avropa çempionatının seçmə oyunu çərçivəsində ermənlərlə matçına həsr etmişik. Yazının ilk hissəsində həmin vaxt komandanın baş məşqçisi olmuş Arif Əsədovla birlikdə hadisələrin oyuna qədərdki axarını sizin diqqətinizə çatdırmışdıq. İndi təqdim edəcəyimiz ikinci hissədə isə daha maraqlı və vacib məqamlarla tanış olacaqsınız. Beləliklə, vaxt, vədə gəldi yetişdi və hazırlıqlarını başa vuran U-19 millimiz oyunların keçiriləcəyi Cənubi Kiprə yola düşdü:

 

“Oyunun Cənubi Kiprdə keçirilməsi ermənilərin üstünlüyü idi”

Bəli, komandamız Bakıdan Cənubi Kiprə yola düşdü və gəlib mənzil başına çatdı. Heç kimə sirr deyil  ki, bu ölkə ermənipərəst ölkə sayılır. Hələ yazının ilk hissəsində də bu məqama toxunmuşduq. Kiprlilər türkləri sevmirlər. Təbii ki, bu mənada azərbaycanlılara da isti yanaşa bilməzlər. 1995-ci il Kuboklar Kuboku çərçivəsində keçirilən APOEL – “Neftçi” matçındakı bayraq məsələsindən xəbəriniz var. Bilməyələr üçün deyək ki, həmin oyunda kiprli azarkeşlər Türkiyə bayrağını yandırmışdılar. Belə bir ölkədə ermənilərə qarşı oynamaq ikiqat qəhrəmanlıq tələb edirdi: “Bilirdik ki, Cənubi Kiprdə oynamaq bizim üçün ikiqat çətin olacaq. Mən hələ 1995-ci ildə “Neftçi” ilə orda olanda bizə qarşı münasibəti görmüşdüm. Kiprlilər türkləri sevmirlər. Azərbaycanı türklərə yaxın hesab etdikləri üçün eyni münasibəti bizə də göstərirdilər. Orada ermənilər çox yaşayır. Bütün bunları bilirdim və hər şeyə hazır idim. Amma deyim ki, oyun gününə kimi hər hansı bir qalmaqal olmadı. Hava limanından birbaşa qalacağımız otelə getdik. Oteldəki şərait pis deyildi. Orda qaldığımız müdətdə hər hansı bir  təxribatın şahidi olmadıq. Yəni azarkeşlər otelin qabağına gəlsin, bizə qarşı hansısa təzyiq göstərsinlər, belə şey baş vermədi. Həm təhlükəsizlik xidməti də oteli mühafizə edirdi. Onu da deyim ki, ermənilərlə eyni oteldə qalırdıq. Əvəldən planımızı elə qurmuşduq ki, futbolçular bacardıqları qədər üz-üzə gəlməsinlər. Ya onlar yeməyə gedib gəlirdi, sonra biz gedirdik, ya da əksinə olurdu. Amma düzünü deyim ki, orda qaldığımız müddətdə oteldə futbolçular arasında heç bir münaqişə, insident yaşanmadı”.

 

 

“Stadionda 150-ə yaxın erməni azarkeş var idi”


Həmsöhbətimiz daha sonra oyun öncəsi stadionda yaşanan ab-havanı da bizə danışdı.  Çünki oyun öncəsi tribunalarda yaşananların da futbolçulara psixoloji cəhətdən böyük təsiri olur: “Oyuna gedərkən çalışırdım uşaqlardakı psixoloji gərginliyi atam. İstəmirdim beyinlərində hansısa həyəcan, qorxu olsun. Amma təbii ki, bu rəqiblə oyuna adı oyun kimi baxmaq mümkün deyildi. Stadiona çatanda gözlədiyimiz ab-havanı gördük. Rəqibin tərəfdarları arenaya gəlməkdə idi. Soyunub-geyinmə otağında da uşaqlara deyirdim ki,soyuqqanlı olsunlar, sakit oynasınlar, heç nədən çəkinməsinlər. Komandalar meydançaya çıxanda qarşılaşmanın bizim üçün ikiqat ağır keçəcəyinə bir daha əmin oldum. Çünki tribunalarda 150-ə yaxın erməni azarkeş var idi. Əllərində bayraqlar müxtəlif şüarlar deyirdilər, futbolçularımıza təzyiq edirdilər. Çoxusu da Ermənistandan  gəlmişdilər.  Kiprdə yaşayan ermənilər və ermənipərəst yerli əhali də onlara qoşulmuşdu. Bizi isə heç kim dəstəkləmirdi. Yalnız əsas komandanın baş məşqçisi Şahin Diniyev Bakıdan bizimlə birlikdə ora getmişdi.  Ermənilər sanki evdə oynayırdılar. Bu arada onu da deyim ki, Ermənistanın əsas milli komandasının baş məşqçisi də ora gəlmişdi. Əcnəbi məşqçi idi və o da onlara dəstək olmaq üçün Kiprdə idi”.

 

“Adi epizodda qol buraxdıq”


Əsədov ilk hissədə yaşananları bəxtsizlik adlandırdı. Onun sözlərinə görə, komandamız heç də pis təsir bağışlamayıb. Amma... “Rəqibin güclü azarkeş dəstəyi altında oynamasına baxmayaraq, komandamız oyuna pis başlamadı. Topu özümüzdə saxlayır, təmkinli futbol oynayırdıq. Təhlükəli vəziyyətlər də yaradırdıq. Rəqibin də də epizodları oldu. Onların heyəti də güclü idi. Məsələn bir futbolçuları var idi, “Ayaks”da çıxış edirdi.  Amma buna baxmayaraq, bizim bir neçə epizodumuz oldu ki, daha təhlükəli oldu. Bir sözlə, ilk hissədə rəqibə heç bir üstünlük vermədik. Oyun da 0:0 gedirdi və düşünürdük ki, fasiləyə də bu hesabla yollanarıq. Lakin 44-cü dəqiqədə heç nədən qol buraxdıq. Adi epizod idi. Bir anlıq diqqətsizlik elədik və rəqib hesabı açdı. Həqiqətən o anda o qolun buraxılması çox pis oldu. Nəticədə fasiləyə 0:1 geridə yollandıq”.

 

 

“Soyunub-geyinmə otağına girdim gördüm ki, uşaqlar başlarını tutub ağlayır”


Bu cür oyunda 44-cü dəqiqədə düşmən komandadan qol buraxıb fasiləyə məğlub yollanan baş məşqçinin keçirdiyi hissləri yəqin ki, sözlə ifadə etmək mümlün deyil. Dünya və Avropa çempionumuz da etiraf elədi ki, həmin vaxt çox ağır hisslər keçirdib. Bəs bununla belə, komandanı o cür ağır durumda necə toparlayıb ikinci hissəyə çıxardıb, gəlin fasilədə yaşanan 15 dəqiqəni müsahibimizin dilindən oxuyaq: “Belə bir oyunda hər şeyin qaydasında getdiyi bir anda ilk hissənin son dəqiqəsində qol buraxmaq çox pis idi və hamımıza pis təsir etdi.  Belə bir vəziyyətd toparlanmaq çox çətin idi . İlk hissə başa çatan kimi dərhal soyunub-geyinmə otağına getmədim. 5 dəqiqə bilərəkdən yubandım ki, uşaqlar bir qədər özlərinə gəlsin. Sonra otağa Daxil olanda xoş olmayan mənzərəni gördüm. Uşaqlar başlarını tutub ağlayırlar. Rahid, Cavid, Elvin hamısı ağlayırdı. Bizim otaqdan 5 metr o tərəfdə ermənilərin soyunub-geyinmə otağı yerləşirdi. Orda böyük hay-küy var idi. Ermənilər sevinirdilər, “Hayastan” qışqırırdılar. Bununla həm də bizim futbolçulara psixoloji təsir edirdilər. Bizim uşaqlar da elə durumda idi ki, sanki artıq hər şey bitmişdi, hər şey əldən çıxmışdı. Hamısı düşünürdü ki, görəsən biz Azərbaycana necə qayıdacağıq, orda bizi nə gözləyir. Bu vəziyyətdə komandanı kökləmək çətin idi. Amma özümdə güc  tapdım. Hər bir futbolçunu fərqli şəkildə köklədim.  Hər birinə yaxınlaşaraq qulaqlarına söz dedim. Dedim ki, qarşıda hələ ikinci hissə var və əgər onlar  sizə bir hissəyə bir qol vurursa, niyə də siz çıxıb ikisini vurmayasınız. Hətta bir məqamı da sizə deyəcəm. İçimdə qələbəyə o qədər əminlik var idi, uşaqlarının hamısının qarşısında and içdim ki, ikinci hissədə 5 dəqiqəyə iki qol vuracaqsınız”.

 

 

“Meydançaya  girən azarkeş Kiprə vizasız gəlmişdi”


Daha sonra həmsöhbətimiz ikinci hissədə baş verənləri bizə anlatdı. Həm komandamızın əzmkar oyunu haqda danışdı, həm də baş verən dava-dalaşın detallarına toxundu. Çünki fasilədən sonra komandamız hesabda önə keçəndən sonra meydançada ara əməlli-başlı qarışmışdı:  “Fasilədən sonra  necə demişdimsə,elə də oldu. Uşaqlar böyük əzmkarlıq göstərdilər və 5 dəqiqə ərzində iki qol vurduq. Ermənilər də bizdən bu cür oyunu gözləmirdi. İkinci qoldan sonra komandamız sevincini daha çılğın şəkildə qeyd etdi. Bizim ehtiyat oyunçular skamyasının arxasında Azərbaycan bayrağı asmışdılar onu da götürüb qolu bayram edirdilər. Təbii ki, bütün bunları ermənilər həzm edə bilmədilər və aranı qatdılar. Bəlkə də niyyətləri o idi ki, təxribat törətsinlər və oyun yarımçıq dayansın. Həmin vaxt futbolçularımızdan meydançanın mərkzinə ən yaxın olan Cavid Hüseynov idi. Meydançaya girən erməni azarkeşlərdən biri məhz Cavidə yaxınlaşaraq ona yumruq atdı. Bununla da ara qarışdı. Onu da deyim ki, dava-dalaş əsasən bizim futbolçularla rəqib azarkeşləri arasında oldu. Nəticədə oyun hardasa 20-25 dəqiqə dayandı. Olaya müdaxilə edən mühafizə xidməti aranı sakitləşdirdi. Meydançaya ilk girən və Cavidə yumruq atan azarkeşi isə tutub apardılar. Sonradan məlum oldu ki, həmin azarkeş, ümumiyyətlə, Ermənistandan Kiprə vizasız gəlmişdi. Özünün də hansısa cinayət əməli var idi. Bundan sonra azarkeşlətlə meydança arasına plasmas bariellər qoydular və 20-25 dəqiqəlik fasilədən sonra oyun davam etdirildi. Artıq  uşaqlarda qələbə istəyi daha yüksək idi və 90 dəqiqənin sonuna kimi rəqibin bütün hücumlarının qarşısını alaraq oyunu qələbə ilə başa vura bildik”.


“Oyundan sonra erməni məşqçiyə yaxınlaşdım və...”

 

Əsədov oyundan sonra həm bizim, həm də rəqibin düşərgəsində yaşanan ab-hava haqda da təəsüratlarını bölüşdü: “Təbii ki, 90 dəqiqə başa çatandan sonra bizim düşərgədə əsl bayram idi. Uşaqların sevincini həddi hüduqu yox idi. Rəqib düşərgədə isə fərqli ab-hava var idi. Onların baş məşqçisi az qala ağlayırdı. Peşəkar məşqçi olaraq onu gözəl başa düçürdüm. Bu vəziyyətdə Ermənistana necə qayıdacağını və orada onu hansı münasibətin gözlədiyini göz önünə gətirirdi. Bir anlıq özümü onun yerinə qoydum. Ona görə də peşəkar addım ataraq özüm ona yaxınlaşıb təsəlli verdim ki, bu, futboldu və futbolda belə şeylər olur. Oyundan sonra başqa hansısa xoşagəlməz olay baş vermədi. Nə stadionda nə də oteldə. Qayıdıb növbəti oyunu fikirləşməyə başladıq. Çünki uşaqlara da başa saldım ki, bizi qarşıda daha iki ağır oyun gözləyir. Bununla belə, futbolçular ikinci oyuna kimi ermənilərlə oyunun eyforiyasından çıxa bilmədilər. Hamısında o hiss var idi ki,sanki biz bura ancaq erməniləri udmağa gəlmişdik və digər oyunlar ikinci dərəcəli idi. Hətta növbəti matçda heyətdə də 4-5 futbolçunu dəyişdim. Buna baxmayaraq, qrupdakı ikinci matçımızda Macarıstana 0:4 uduzduq. Sanki həmin məğlubiyyət komandanı ayıltdı. Qrupda sonuncu oyunumuz yerli Kipr komandasına qarşı idi. Həmin oyun da çox ağır keçdi. Bizə növbəti mərhələyə vəsiqə üçün 1 xal da bəs edirdi. Kiprlilərə isə ancaq qələbə lazım idi. Həmin oyunda da bizə qarşı böyük təzyiq oldu. Hakimlər  yerli komandaya böyük simpatiya bəsləyirdi. Oyunun gedilşində bir futbolçumuza qırmızı vərəqə verib meydançadan qovdular. Buna baxmayaraq, oyunu 1:1 başa vurub növbəti mərhələyə vəsiqə qazandıq. Hətta azarkeşlər tərəfindən bayrağımıza qarşı xoşagəlməz  hərəkət də etmişdilər. Burda haşiəyə çıxaraq qeyd edim ki, bütün bunları görən şəxs kimi illər sonra Cavid Hüseynovun “Qəbələ”nin heyətində məhz həmin Kiprdə etdiyi jest zamanı onu gözəl başa düşmüşdüm. Baxmayaraq ki, hamı Cavidi tənqid edirdi. Cavidin özü qarabağlıdır,  atası şəhid olmuşdu, ailəsi o müsibətlərin canlı şahidi idi. Üstəlik, gözünün qabağında onun bayrağını təhqr edirlər. Bunlar hamısı futbolçuya psixoloji təsir eliyir. Eyni münasibəti həm 19 yaşında görür, həm “Qəbələ”nin heyətində illər sonra görür və təbii ki, bunları götürmək çox çətindir”.

 

 

“Bakıda fərqli münasibətin şahidi olduq”


Sonda Arif Əsədovdan Bakıda necə qarşılanmaları bu qələbəyə necə qiymət verildiyini də soruşduq. Çünki kiçik uğur deyildi. Kipr kimi ölkədə həm erməniləri udasan, həm də Kipri qabaqlayıb qrupdan çıxasan. Gözləmək olardı ki, hətta bunun üçün komandaya böyük mükafat da veriləcək. Elə sualımızın əsas hissəsi də bununla bağlı oldu. Həmsöhbətimiz məsələnin bu tərəfinə toxunmaq istəmədi: “Biz ora pulu düşünüb getməmişdik. İlk növbədə Azərbaycanın adı üçün getmişdik. Ən əsası da ermənilər önündə qalib gəlib xalqımızın gücünü göstərməliydik. Ora qədər olan prosesləri sizə danışdım. İnanın ki, 7 ay boyunca çox çətinlikçəkdim. Çox ağır dönəm keçdi. Getdik və üzərimizə düşən işi də layiqincə yerinə yetirdik. Şəxsən mən fərqli münasibət gözləyirdim. Azarkeşlər sağ olsun, bizi hava limanında zurna-balabanla qarşıladılar, sevincimizə sevinc qatdılar. Amma AFFA-dan, nazirlikdən eyni münasibəti görmədim. Hətta federasiyada bəzi insanlar var idi ki, bu qələbəni kiçiltməyə çalışırdılar. Deyirdilər ki, siz gərək macarları da udardınız.  Yəni erməniləri məğlub etməyimiz, Cənubi Kipri qrupda saxlayıb U-19-un tarixində ilk dəfə növbəti mərhələyə keçməyimiz o insanlar üçün böyük uğur deyildi. Ad çəkməyəcəm, amma bu, o insanlar idi ki, mənim bir məşqçi kimi bu uğuru qazanacağımza inanmırdılar. Ona görə də Bakıya qayıdandan sonra macarlara məğlubiyyəti ortaya atdılar. Həmin insanlara deməyə söz tapmıram. Bundan başqa, gözləyirdik ki, ən azı nazirlik komandanı qəbul edə,amma təəssüf ki, o da olmadı”.

 

Əslində həqiqətən də çox üzücü olay idi. O cür böyük uğura imza atan, düşmən ölkəni məğlub  edən, ən azı onlar qədər bizə nifrət edən kiprlilərlə heç-heçə və növbəti mərhələyə vəsiqə böyük uğur idi. Özü də o dövr milli komandalara yaradılan şərait indiki kimi deyildi. Amma görünür, indiki kimi o dövrdə də federasiyada bəzi ünsürlər var idi, hansı ki, ümumilli maraqları yox, şəxsi maraqları güdürdü. Bu arada, Əsədov mükafat  məsələsi haqda danışmasa da israrla ondan öyrənə bildik ki, həmin vaxr ermənilər üzərindəki qələbəyə və növbəti mərhələyə vəsiqəyə görə AFFA hər futboluya gül buketi və cəmi 300 dollar mükafat vermişdi.  

 

Anar XANLAROV