Arif Əsədovun xeyrinə səs verən İk üzvlərinin adları məlum oldu
- 23 İyl 2020 17:00
- 1071
Bildiyiniz kimi, italiyalı Di Byazi millinin yeni baş məşqçisi təyin edildi. O, AFFA İcraiyyə Komitəsinin son iclasında komitə üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən bu posta yiyələndi. Onun rəqibi qismində Arif Əsədov yer alsa da səs çoxluğu italiyalının tərəfində oldu.
Rekord.az xəbər verir ki, Əsədovun xeyrinə səs verənlərin kimliyi məlum olub.
Bu haqda məlumatı "Futbol plus" qəzetinə açıqlamasında "Turan Tovuz"un Müşahidə Şurasının sədri, eləcə də Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev verib: "Fikrimcə, hazırkı durumda yığmanın baş məşqçisi postuna əcnəbi mütəxəssisin təyin olunması düzgün addım deyil. Nəyə görə? Birincisi, pandemiya ilə bağlı martdan bəri ölkədə futbol yoxdu. Nə klublar meydana çıxır, nə də milli qeyri-rəsmi də olsa, yoxlama görüşündə gücünü sınayıb. Ölkə faktiki 5 aya yaxındı futbolsuzdu. İtalyan mütəxəssis qısa vaxtda Azərbaycan futbolu haqda hansı bilgini toplaya biləcək, futbolçuları necə tanıyacaq? Bir-iki oyunu izləməklə yığmanı formalaşdırmaq mümkün deyil. İkincisi, artıq neçə illərdi - Qurban Qurbanovun birillik fəaliyyətini çıxmaq şərtilə - ölkənin əsas komandasının “sükan”ı əcnəbi mütəxəssisə tapşırılır. Əvəzinədə nə görürük? Yenə komandamız qrup sonuncusu olmamaq uğrunda mübarizə aparır. Sonuncu tsikldən heç danışmağa dəyməz, biabırçılığı hamı gördü. Bir yerdə ki, əcnəbi məşqçilərdən xeyir görmürük, onları yalandan dəvət edib, yüzminlərlə vəsaiti havaya sovurmağın nə mənası var? Nə vaxta kimi o, bu gəlib Azərbaycanda heç bir nəticə qazanmadan, futbolumuza xeyir vermədən cibini doldurub evinə yollanacaq? Xırda, ani uğurlarla azarkeşləri aldatmağın zamanı geridə qaldı. İcraiyyə Komitəsinin son iclasında futboldan anlayışı olan üzvlər boş yerə Arif Əsədovun namizədliyini dəstəkləmədilər ki... Onlar real durumu bilirlər və yaxşı başa düşürlər ki, əcnəbi mütəxəssislə heç nəyə nail ola bilməyəcəyik. Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov kimi tanınmış veteranlarımız, olimpiya çempionumuz Fərid Mansurov və təhsil nazirinin müavini, vaxtilə Gənclər və İdman Nazirliyində çalışmış Firudin Qurbanov yerli məşqçinin lehinə səs veriblər. Bu onu göstərir ki, idmanda, futbol sahəsində çalışmış insanlar futbolumuzun bugünkü durumundan xəbərdardılar və irəli getmək üçün yerli mütəxəssisə ehtiyac duyulduğunu görürlər".