“Arsenal”ın fransız əfsanəsi YAZI + FOTOLAR
- 18 May 2020 17:00
- 1249
Uğurlu futbolçu
Tyeri Anri. Bu futbolçunu hər kəs “Arsenal”ın heyətindəki möhtəşəm oyunlarına görə tanıyır. Düzdür, o, özünü geniş publikaya 1998-ci il Fransada keçrilən dünya çempionatında tanıtdı. O vaxt millinin baş məşqçisi Eme Jake 21 yaşlı istedada mundialda oynamaq şansı verdi və bu qəhrəman da özünü layiqincə sübut etdi. Sonra isə “Arsenal”da oynadığı uzun illər əzrində bu komandanın əvəzolunmaz simasına çevrildi. Anri peşəkar karyerasına 1994-cü ildə «Monako» klubunda başlayıb, oradan ilk dəfə milli komandaya çağırılıb. 1998-ci ildə futbolçunu Turinin "Yuventus" klubu alır.
"Yuventus"da Anri sol cinah yarımmüdafiəçisi mövqeyində oynayır. Lakin uğursuz mövsümdən sonra, 1999-cu ildə o 10,5 mln funt sterlinqlə Londonun “Arsenal” klubuna keçir. “Arsenal”da Anri dünya ulduzuna çevrilir. Arsen Vengerin rəhbərliyi altında klubun tarixindəki ən güclü hücumçulardan biri adına yiyələnir. O, dörd dəfə İngiltərə Premyer Liqasının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanır. 2005-ci ildə Anri “Arsenal”ın tarixi ərzində ən sərrast bombardir olur. Tyerri iki dəfə dünyanın ən yaxı futbolçusu adına namizəd olub. “Arsenal”da keçirdiyi axırıncı iki ildə Tyerri komandasının kapitanı olur, 2006-cı ildə isə komandasına Çempionlar Liqasının finalına çıxmağa kömək edir.
Nəhayət, 2007-ci ilin iyununda onun “Arsenal”lı günləri başa çatır və bu klubun heyətində keçirdiyi səkkiz ildən sonra 16.1 mln funt sterlinqlə “Barselona”ya transfer olunur. 2007-ci ilin noyabrında, AVRO 2008 seçmə mərhələsində, Litvaya qarşı oyunda Tyerri özünün Fransa millisindəki 42-ci qolunu vurdu və bununla da o, Mişel Platinini keçərək Fransa tarixində ən məhsuldar oyunçu oldu. Fransa millisinin heyətində Anri 1998-ci ildə Dünya Çempionu və 2000-ci ildə Avropa Çempionu oldu. Öz nailiyyətləri ilə o dünyanın ən güclü oyunçularıdan biri sayılır. Meydandan kənarda Anri futbolda rasizmə qarşı aktiv mübarizə aparır, çünki həyatda özü belə hallarla rastlaşıb. Oyun tərzi və inanılmaz sürəti Anrini dünyanın ən şöhrətli oyunçularından birinə çevirmişdir.
O Nike, Reebok, Reno, Pepsi, Gillette kimi kompaniyaların reklam çarxlarında çəkilib. L'Equipe magazine jurnalının araşdırmasına görə Tyerri Anri 2007-ci ildə Fransanın ən çox gəlir qazanan idmançısı olmuşdur. 2008-ci ilin iyulunda “Arsenal” klubunun rəsmi saytında keçirilən sorğunun nəticələrinə görə, Tyerri Anri klubun tarixi ərzində ən yaxşı oyunçusu seçilmişdir.
Uğursuz məşqçi
"Yaxşı futbolçu heç də həmişə yaxşı məşqçi olmur" deyimi hələ ki, Anri üçün də keçərlidir. 2015-ci ildə doğma "Arsenal"da məşqçi köməkçiksi kimi məşqçiliyə başlayan əfsanə hələ ki, bu sahədə uğur qazana bilməyib. Belçika millisində assisent-məşqçi kimi fəaliyyətindən sonra 2018-ci ildə baş məşqçi kimi debüt elədi və "Monako"da fəaliyyətə başladı. Lakin baş məşqçi kimi özünü sbüut edə bilməyincə Fransadan, ümumiyuyətlə, Avropadan ayrılataq okeanın o tayına, Kanadaya üz tutdu. Hazırda "Monreal İmnplakt"ın baş məşqçisi kimi çalışır.
Etiraf
DÇ-2010-un seçmə pleyy off oyunu Fransa-İrlandiya. Fransada keçirilən cavab matçında hesab 1:0 irlandların xeyrinədir. Dublində keçrilən ilk matçda da fransızlar bu hesabla qalib gəldiklərindən oyun əlavə vaxta kimi uzanır. Məhz əlavə vaxtda baş verən bir epizod bütün dünyanın diqqətini üzərlərinə çəkir. Belə ki, Fransanln növbəti hücumu zamanı Anri cərimə meydançası daxilində aşkar şəkildə topu əli qəbul edərək komanda yoldaşına ötürmə verir və hesab bərabərləşir. Bu qol isə fransızları CAR-a aparır. İrlandiya isə böyük haqsızlıqla üzləşərək bu şansdan əlini üzür. Maraqlıdır ki, həmin vaxtı susmağa üstünlük verən Tyerri 1 il sonra İrlandiya yığmasının qapısına həlledici qolun qayda pozuntusundan sonra vurulduğunu etiraf edib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, o, komanda yoldaşı Uilyam Qallasa məhsuldar ötürmə edərkən əllə oynadığını bildirib. Mübahisəli epizodu şərh edən Anri əllə oynadığını boynuna alıb. Lakin o, qolun düzgün vurulub-vurulmadığı ilə bağlı sualı hakimə vermək lazım olduğunu bildirib. Qeyd edək ki, həmin vaxtı irlandlar məsələ ilə bağlı FİFA-ya şikayət etmələrinə baxmayaraq, heç nəyə nail ola bilməmişdilər. Əlləri hər yerdən üzüldükdən sonra bütün günahı UEFA prezidenti Mişal Platininin üzərinə ataraq onu həmyerlilərinə dəstək olmaqda suçlamışdılar.
İslama gəlişi
Biliyiniz kimi, Anri həmçinin müsəlmandır . O, 2006-cı ildə Almaniyada keçirilən mundialdakı matçların birindən sonra məscidə gedərək islamı qəb ul edib. Nikolya Anelka və Frank Riberinin İslamı qəbul etmələrindən təsirlənərək müsəlman olduğunu deyən məşhur futbolçu dindaşlarının hüquqlarını müdafiə etmək niyyətində olduğunu deyib. Ulduz futbolçu İslam dininin mütərəqqi
və müasir bir din olduğundan əmindir: "İslama marağımın oyanmasında Fransa yığmasında komanda yoldaşlarım Nikolya Anelka, Erik Abidal və Frank Riberinin təsiri böyük oldu. Onlarla danışdıqca özümü İslama daha yaxın hiss etdim və anladım ki, qəlbim İslamladır. İndi İslam və islamiyyət mənim üçün hər şeydən önəmlidir. Digər səmavi dinlərin mənsublarına üzümü tutaraq deyirəm: İslamı anlamaq istəyirlərsə, ətraflarına baxsınlar, dünyanı görsünlər. Məhz belə olanda onlar İslamı anlarlar".
34 yaşlı Anrinin dediyinə görə, sürəkli olaraq Qurani-Kərim oxuyur, oxuduqca da İslama daha çox bağlanır.
Həyatından seçmələr
Anri 5 iyul 2003-cü ildə ingilis top-model Nikol Merri ilə ailə həyatı qurub. 2005-ci il mayın 27-də isə onların Tia adlı qızları dünyaya gəlib. Həmin ərəfədə “Arsenal”ın heyətində İngiltərə Premyer Liqasında “Nyukasl”ın qapısına qol vuran Tyerri qoldan sonra barmaqları ilə “T” hərfi işarəsi göstərərək vurduğu qolu yenicə doğulan qızına həsr etdiyini göstərmişdi. “Arsenal”da oynadığı dövrdə fransalı hücumçu Xempsedo rayonunun ən samballı məhəllələrinin birindən gözəl bir mülk almış və ailəsi ilə orada yaşamışdı. 2007-ci il Anrinin həyatında yaxşı mənada yadda qalmadı. Düzdür, o yaxşı müqavilə müqabilində “Barselona”ya keçdi. Ancaq eyni zamanda həmin il həyat yoldaşından ayrıldı və təzminat olaraq ona 10 milyion funt sterliqn ödəməli oldu. Hazırda isə hücumçu bosnyalı model Andrea Radjakiçlə bir yerdə yaşayır. Qəhrəmanımız futboldan başqa basketbolla da yaxından maraqlanır və NBA-nın daimi izləyicisidir. Toni Parker isə onun yaxın dostudur. Müsahibələrinin birində 14 nömrə basketbolun öz azartına görə futbola çox oxşadığını deyib. Futbolçu bir neçə dəfə NBN-nin final qarşılaşmalarının şəxsən tribunadan izləyib. Sevimli komandası isə “San-Antonio Spörs”dü.
Anri eyni zamanda xeyriyəçiliklə də məşğuldur. Belə ki, o UNİSEF-in xətti ilə keçirilən bir çox xeyriyyə matçlarında və çəkilən reklamlarda yaxından iştirak edib.
Fransızın yumor hissləri də çox güclüdür. O, ümumiyyətlə, zarafat etməyi çox xoşlayır.
Qısa dosye
Tam adı: Tyerri Daniel Anri
Doğum tarixi: 17.08.1977
Doğum yeri: Lez-Yuli, Essonna, Fransa
Vətəndaşlığı: Fransa
Boyu: 188 sm
Çəkisi: 83 kq
Ampluası: hücumçu
Nömrəsi: 14
Karyerası
1983-89 (“Lez Yuli”, Fransa)
1989-90 (“Palezo”, Fransa)
1990-92 (“Vitri Şatyon”, Fransa)
1992 (“Klerfomten”, Fransa)
1994-99 (“Monako”, Fransa, 105 oyun, 20 qol)
1999 (“Yuventus”, İtaliya, 16, 3) 1999-2007 (“Arsenal”, İngiltərə, 254, 174)
2007-2010 (“Barselona”, İspaniya, 80, 35)
2010-2014 (“Nyu York Red Buls”, ABŞ, 135, 52)
Milli karyerası
1992-93 (Fransa U-15, 4 oyun 3 qol)
1993-94 (U-16, 8, 4)
1994-1995 (U-17, 11, 10)
1995-96 (U-18, 13, 6)
1996-97 (U-19, 9, 5)
1997-98 (U-20, 11, 7)
1997-99 (U-21, 6, 1)
1997-2010 (əsas milli komanda, 123, 51)
Qazandığı trofeylər
Dünya Çempionu: 1998
Vitse-dünya Çempionu: 2006
DÇ-ları iştirakçısı: 1998, 2002, 2006
Avropa Çempionu: 2000
AÇ-ları iştirakçısı: 2000, 2004, 2008
Konfederasiya Kubokunun qalibi: 2003
Fransa Çempionu: 1996-97
Fransa Kubokunun qalibi: 1997
İngiltərə Çempionu: 2001-02, 2003-04
İngiltərə Kubokunun qalibi: 2002, 2003, 2005
İngiltərə Superkubokunun qalibi: 2002, 2004
İspaniya Çempionu: 2008-09
İspaniya Kubokunun qalibi: 2009
Çempionlar Liqasının qalibi: 2009
Qızıl buts sahibi: 2004, 2005
İngiltərə Premyer-Liqasının bombardiri: 2002, 2004, 2005, 2006
Hazırladı Anar XANLAROV