“Arsenal”ın futbolçularına silahlı hücum edən şəxsə 10 illik həbs cəzası
- 09 Noy 2019 12:20
- 724
İngiltərənin “Arsenal” klubunun futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası bəlli olub.
Rekord.az xəbər verir ki, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
30 yaşlı Eşli Smit sözügedən cinayəti 26 yaşlı Cordan Northoverlə birgə törədib. Maskalı halda motosikletlə Özilin avtomobilini təqib edən həmin şəxslər silahla onlardan bahalı saatlarını və digər qiymətli əşyalarını tələb ediblər. Hadisə zamanı Özilin həyat yoldaşı da avtomobildə olub. Amma xüsusilə Kolaşinaçın fəallığı sayəsində cinayətkarlar istəklərinə çatmadan hadisə yerindən qaçmışdılar.
London polisinin apardığı araşdırmalar nəticəsində onlar tapılaraq məhkəmə qarşısına çıxarılıblar. Onlar günahlarını etiraf ediblər. Cinayətin əsas təşəbbüskarı olan Eşli Smit 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona kömək edən Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.