“Arxa cəbhə”nin qələbəsi
- 14 Avq 2024 14:22
- 424
Hələ də hesabı inandırıcı gəlməyən dünənki matç hələ uzun illər xatırlanacaq, təmsilçilərimizin avrokuboklardakı ən böyük qələbələri sırasına daxil olacaq. “Qarabağ” bu qarşılaşmada daha da böyüdüyünü, bir Avropa klubu olduğunu sübut edə, təsdiqləyə bildi. Böyük qələbə idi. Ancaq “bu qələbəni komandanın əsas yox, ikinci heyəti gətirdi” deyə bilirik və bunun özü belə “Qarabağ” üçün kompliment sayılmalıdı. Çünki böyük komandalar həm də ehtiyat oyunçular skamyası ilə fərqlənə bilirlər. Qurban Qurbanov bu mənada növbəti master-klassını nümayiş etdirdi.
Klassik start
Start heyətdə əvvəlki oyunlardan fərqli ad yalnız Elvin Cəfərquliyev idi. Ötən mövsüm əsas heyətdə o yer alırdı, Toral Bayramov isə ikinci planda idi. Bu yay yerlər dəyişmişdi, müəyyən səbəblərdən Elvin kənarda qalırdı. Ancaq Zubirlə yaxşı anlaşan Cəfərquliyevin dönüşü xeyli vaxt aldı. Başqa dəyişikliklər yox idi, oyun planında da xüsusi bir fərq görmədik. Əksinə, intensiv başlanğıc əvəzinə ağdamlılar təmkinli davrandılar, aktiv pressinq nümayiş etdirmədilər. Juninyonun qolu braziliyalının "şəxsi təşəbbüsü"ndən yaranan bir nəticə idi. Ümumilikdə isə "Qarabağ" hesabda geri düşənə qədər çox şeylə yadda qalmadı. Öyrəşdiyimiz, bildiyimiz, tanıdığımız oyun, üstəlik, aşağı sürətlə.
Müdafiəmizin arxasına atılan toplar
Rəqib isə startı əla keçirdi. Vidal və Tekpeteyin yoxluğu güclərinə təsir etsə də, taktiki planda tam hazırlıqlı idilər. Bəzi maraqlı gedişlər də etmişdilər. Məsələn, top qapıçıda olarkən o onu birbaşa bizim müdafiə xəttinin cinahlarının arxasına atırdı (dayaqda olanlar da ilk imkandaca eyni şeyi edirdilər). Bu, ilk baxışdan ağılsızlıq idi, çünki cinahda məsələn, Cəfərquliyev kimi sürətli biri vardı, hansısa hücumçunun ondan tez topa çatma ehtimalı yox idi. Ancaq məlum oldu ki, Elvin bəzən çox irəli çıxır və mövqeyini boş qoyur. Bu mənada lazımi qədər çevik deyil, öz mövqeyini tutana, sığortalayana qədər rəqib daha üstün və yaxşı mövqedə qərarlaşa bilir. İki epizodda Medina komanda yoldaşını sığortaladı, sonra məşqçilər korpusumuzdan növbəti müdaxilə gec də olsa, gəldi. Əvvəlcə Yankoviç, sonra Romao, sonda isə Andrade vəzifəni öz üzərinə götürdü, cinahlara daha yaxın oynamağa başladılar, bundan sonra komandanın “əl-qolu” bir az açıldı. Amma mexanizm işləyənə qədər "Ludoqorets" hesabda önə keçmişdi. Hər halda, gec də olsa problem həll olundu və biz oyunboyu eyni səhvlərı demək olar ki, görmədik.
“Xeyirli” zədələr və “arxa cəbhə”nin “işə düşməsi”
Veşoviç və Yankoviçin zədələnərək meydanı tərk etməsi şərdən doğan xeyir oldu. Heç biri lazımi performansı nümayiş etdirə bilmirdi, yorğun idilər, zədə almalarının səbəbi də ilk növbədə bu idi. Onların yerinə çıxan Mateus və Partik isə əla oynadılar. Xüsusilə Andrade möhtəşəm idi. Məhz bu məqamda həm adıçəkilən iki nəfər, həm də sonradan oyuna girən Toral, Cica və Nərimanın oyuna az qala oyundaymış kimi qoşulması, uyğunlaşma dövrünə vaxt sərf etməməsi haqda danışmaq lazımdı. Qurban Qurbanov əsas heyəti avrokubokda, “Ludoqorets”i məğlub edən “ikinci heyəti” Premyer Liqada oynatmaqla 22 nəfəri həm tonusda saxlaya, həm də oyun təcrübəsi qazandıra bilmişdi. Bir növ hər müharibədə lazım olan “arxa cəbhə” formalaçşdırılmış, gücləndirilmişdi. Bolqarlarda bu yox idi. Heyətləri bizimkindən geniş idi, ancaq sonradan meydana çıxanların faydalı iş əmaslının sıfıra yaxın olmasını gördük, bunu da həmin balansın olmaması ilə izah etmək olar. Bəlkə də “Ludoqorest” də çempionat oyunlarını təxirə salmasa, ehtiyat qüvvəyə oyun şansı versəydi, 120 dəqiqə çəkən bu marafonda futbolçulardan daha çox xeyir götürərdilər. Həm çempion olmaq, həm də çempionatı oynamamaq dövrü keçib, cənablar. Yəqin, Georgi Dermencyev bundan sonra səhvindən nəticə çıxarar.
Daxili yerdəyişmələr
Birinci hissənin son 5 dəqiqəsində vurulan iki qol həlledici oldu. “Paltardəyişmə otağına göndərilən” bu qollar rəqibin psixoloji balansını pozdu. Çünki işləri oynamaq yox, oynatmamaq olan bolqarlar bu metodun öz uğurlu əksini tabloda görməyincə çaşmışdılar. Plan işləmirdi. Sona qədər də işləmədi. İkinci hissədə Hoca meydanda oyunçu dəyişmədən bəzi dəyişikliklərə getdi. Oyundan öncəki yazımda da qeyd etmişdim ki, qalib gəlmək üçün hücumun arxasında, daha dəqiq desək, ön yarımmüdafiədə əlavə bir yaradıcı oyunçuya ehtiyac olacaq. Bu ya Leandro olacaqdı, ya da ən nadir variant kimi Toral ola bilər, Benziya ilə birlikdə cərimə meydançasının həm önündə, həm də içində çoxluq yarada bilərdilər. Qurban Qurbanov isə gözlənilmədən Zubiri seçdi. Abdullanı sağ cinahda və mərkəzdə gördük, hücumların qurulmasında iştirak etdi, bir epizodda isə zərbəsi dirəkdən döndü. Buna rəqibin sağ cinahının ümumiyyətlə işlək olmaması imkan verirdi (ümumiyyətlə həmin dəqiqələrdə “Qarabağ”ın meydandakı düzülüşü standart 4-5-1-dən 2-8-1-ə çevrilmişdi, Zubir, Andrade və Benziya mərkəzdə oynayır, cinahlar isə bütün xətt boyunca Silva və Cəfərquliyevə (sonra Bayramova) tapşırılmışdı). Sonra Zubir mövqeyinə qayıdıb Torala qol ötürməsi verəndə də buna təkrarən şahidlik etdik. Qapı xətti kamerasından qola bir də baxın: Zubir cərimə meydançasına girəndə Bayramov az qala mərkəzdə idi. O yekəlikdə boşluğu heç bir rəqib heç kimə bağışlamaz. “Qarabağ” da bağışlamadı. 86-cı dəqiqədə Hocanın Toralı yanına çağırıb hücuma daha yaxın oynamasını tapşırmasını da efir vasitəsilə hamı gördü. Qalırdı deyiləni eləmək.
“Pirr qələbəsi?”
Əlavə vaxtda 4 qol vuran komanda dünya futbolunda varmı, yoxdurmu, bilmirəm. Şəxsən mən xatırlamıram. Üzr istəyirəm bu ifadəmə görə, amma “Ludoqorets” çox iyrənc futbol oynayırdı. Gücdən düşmələrinə, dağınıq vəziyyətdə olmalarına baxmayaraq yenə də “rəqibi oynatmama”, “pijonluq eləmə” prinsiplərindən əl çəkmədilər. Bu isə nə vaxtsa cəzalandırılmalı idi. 120 dəqiqə ərzində çərçivəyə cəmi 3 zərbə vuran bolqarlar növbəti mərhələni haqq etmirdilər. Nə qədər ağıllı, praqmatik oynamağa çalışsalar da.
“Qarabağ” layiqli qələbə qazandı və yoluna tam sürətlə davam edir. Zədəlilərin durumundan yalnız sabah xəbər tutacağıq. Ümid edək ki, Bolqarıstandakı qələbə “Pirr qələbəsi” olmayacaq və növbəti qarşılaşmada təmsilçimiz Zaqrebdə tam gücü ilə oynaya biləcək. Çünki xorvatlar artıq anti yox, normal futbol oynayacaqlar. Belə olan halda isə, həm Markolara, həm də digərlərinə ehtiyacımız olacaq.
Kənan Məstəliyev