Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov FIDE-nin rəhbəri Arkadi Dvorkoviçlə görüşüb.

Rekord.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yaranmasının 100 illiyi münasibəti ilə Fransanın paytaxtı Parisdə keçirilən təntənəli mərasimdə baş tutub.

Yubiley tədbirinə FIDE rəsmiləri ilə yanaşı dünya şahmatının ulduzları da dəvət olunub. Görüşdə qurumlar arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə edilib.

İyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu gün, əsası 1924-cü ildə qoyulan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən etibarən qeyd edilir. Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 60-dan çox rəsmi çempionat təşkil edilir.