Atlet, prezident, rekordçu - Maestro Niyazinin bilmədiyiniz tərəfi FOTOLAR
- 04 Apr 2022 15:00
- 740
Maestro Niyazi Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, çempion və rekordçu olub
Bilmirəm bilirdiz, ya yox, amma məşhur dirijor və bəstəkarımız Maestro Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub.
O, “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib. Sonradan konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.
Niyazi II Dünya Müharibəsindən sonra 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir) vəzifəsində çalışıb.
Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və İdman İdarəsinin tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib.
Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib.
Şəkillərdən birində 1929-cü ildə ağır atletika idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, 2-ci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri görsənir.
Bu şəkillər ictimai şəkildə ilk dəfə yayınlanır.
Kənan MƏSTƏLİYEV