“Atletiko” Qrizmannı qaytardı, Saulu “Çelsi”yə icarəyə verdi
- 01 Sen 2021 17:15
- 493
Futbol üzrə Fransa millisinin hücumçusu Antuann Qrizmann yenidən İspaniyanın “Atletiko” klubuna qayıdıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Son İspaniya çempionu sabiq futbolçusunu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürüb. Lakin bu müddət daha bir artırıla bilər. Müqavilədə satınalma şərti də yer alıb. “Atletiko” Antuanı birdəfəlik heyətinə qatmaq istəsə, bunun üçün “Barselona”ya 40 milyon avro ödəməlidir.
Qeyd edək ki, Antuan Qrizmann 2014-2019-cu illər aralığında məhz “Atletiko”da çıxış edib. 30 yaşlı futbolçu 2019-cu ilin yayında 120 milyon avro qarşılığında “Barselona”ya keçmişdi. Lakin fransız forvard Kataloniya təmsilçisində ümidləri doğrultmadığından mütəmadi tənqidlərə məruz qalırdı. Fransa millisinin üzvü “Atletiko” karyerası dövründə meydana çıxdığı 257 matçda 133 qol vurubsa, “Barselona”da 102 matça çıxıb, 35 qola imza atıb. O, daha öncə oynadığı “Real Sosyedad”da isə 201 oyunda 52 qolla yadda qalıb.
“Atletiko” yarımmüdafiəçisi Saul Niqesi isə İngiltərənin “Çelsi” klubuna icarəyə verib. London təmsilçisi 26 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Zadəganlar” mövsümün sonunda Saulu 40 milyon avroya transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Saul Niqes “Atletiko”nun öz yetirməsidir. O, Madrid təmsilçisinin əsas komandasında 340 matça çıxıb, 43 qol vurub. İspaniya millisinin də üzvü olan yarımmüdafiəçi, 2013/14 mövsümündə “Rayo Valyekano”da icarədə də oynayıb.
İspaniya çempionu müdafiəçisi Santyaqo Ariası da “Qranada”ya icarəyə verib. Kolumbiya yığmasının da üzvü olan 29 yaşlı sağ cinah müdafiəçisi, bu mövsümün sonuna qədər “Qranada”da forma geyinəcək. 2018-ci ildən Madrid təmsilçisində çıxış edən futbolçu, bu komandada meydana çıxdığı 51 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Bayer”, PSV, “Sportinq” kimi klubların da formasını geyinib.