Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək
- 21 İyn 2024 15:30
- 177
İyunun 24-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, yarış Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutacaq.
Bulvar ərazisində, AKAF-ın qarşısında baş tutacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edəcək.
İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar.
AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkməni daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.