Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir
- 24 Fev 2024 11:06
- 279
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib.
Rekord.az xəbər verir ki, yarışdan öncə rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, həmçinin, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizdə avarçəkmə idmanı son illərdə yeni inkişaf dövrü yaşayır. Gənclər arasında sevilən bu idman növünə cəlb edilən yeniyetmə və gənclərin sayı hər il daha da artır. Bu da gələcəkdə peşəkar və güclü komandanın formalaşmasında mühüm rol oynayacaq. Açılış mərasimindən sonra yarışlara start verilib.
Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparır. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Turnirə sabah, fevralın 24-ündə yekun vurulacaq. Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı mayda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.